AZ

“Bazarlarda açıq şəkildə satılan göbələkləri almaq məsləhət görülmür”

Əhali arasında zəhərlənməyə səbəb olan qidalardan biri də göbələkdir. Bir neçə gün öncə Şirvanda göbələkdən qeydə alınıb. Hadisə şəhərin M.Əsədov küçəsində baş verib. 15 yaşlı L.Nəzərova, 23 yaşlı O.Nəzərov və anaları 44 yaşlı S.Nəzərova göbələk salatından zəhərləniblər. 

Göbələkdən hazırlanmış yeməklər hansı hallarda zəhərlənməyə səbəb olur? Göbələk alarkən nəyə diqqət etməliyik? 

Qida mütəxəssisi Asim Vəliyevin sözlərinə görə təbii şəraitdə bitən göbələklər yeyilə bilən, yeyilə bilməyən və zəhərli olur. O, Demokrat.az-a açıqlamasında deyib ki, yeyilə bilməyən göbələklər sərt quruluşa, pis qoxu və dada malik olur:

“Bu göbələklər qida üçün istifadəyə yararlı deyil. Yeyilməsə belə tərkibində olan polisaxarid və bioaktiv maddələrlə zəngin olan və tibdə istifadə olunan göbələklər bu qrupa aiddir. Tərkibindəki toksik maddələr baxımından insan sağlamlığı üçün təhlükəli olan göbələklər zəhərli göbələklər qrupuna aiddir. Belə göbələklər yeyildikdə yüngül və ağır sağlamlıq problemlərinə, hətta ölümə də səbəb ola bilər. Əminəm ki, göbələk zəhərlənmələri ilə bir çoxlarımız qarşılaşıb. Xüsusilə yaz və payız mövsümlərində göbələkdən zəhərlənmələr daha çox baş verir. Zəhərli göbələklərlə adi göbələklər eyni yerdə bitir. Bunları ancaq göbələyi yaxşı tanıyanlar ayıra bilərlər. Yeməli göbələyin içərisinə bir zəhərli göbələyin qarışması zəhərlənməyə yol aça bilər. Yeyilə bilən və zəhərli göbələkləri seçməklə bağlı insanlarda olan yanlış məlumatlar da zəhərlənmə hallarının artmasına səbəb olur”. 

Ekspert bildirib ki, göbələklər ağır metalları özündə saxlama xüsusiyyətinə malikdir: 

“Buna görə də yol kənarında yetişən göbələkləri zəhərli olmasa da yemək olmaz. Bu göbələklərdə yüksək səviyyədə qurğuşun və digər toksin maddələr yığılır. 

Uyğun şərtlərdə saxlanmayan və ya uzun müddət saxlanılan göbələk yeməklərinin yeyilməsi də zəhərlənmələrə səbəb ola bilər. Alkoqollu içki ilə birlikdə qəbul edilməməlidir. Allergik reaksiyalar da baş verə bilər. Bəzi insanlar göbələk yedikdə psixoloji olaraq yalançı zəhərlənmə hisslərinə qapılır. Belə olduqda tərləmə və qusma kimi zəhərlənmə əlamətləri ortaya çıxır. Bu halı əsl zəhərlənmədən fərqləndirmək də çətindir. Göbələk ilk dəfə yeyilirsə, çox yeməmək məsləhətdir. Göbələk bişirildikdən sonra qısa müddətdə yeyilməlidir.

Göbələkdən zəhərlənən şəxs qəti şəkildə dərman içməməli, süd, qatıq kimi məhsullar qəbul etməməlidir. Dərhal həkimə müraciət etmək lazımdır, hətta mümkündürsə, yeyilən göbələkdən nümunə də aparılmalıdır”. 

A.Vəliyev əlavə edib ki, göbələkləri qablaşdırmada almaq məsləhətdir:

“Açıq şəkildə bazarlarda satılan göbələkləri almaq məsləhət görülmür. Çünki bu şəkildə satılan göbələyin nə saxlanma şərti, nə yığılma, nə də son istifadə tarixi bilinir. Hər bir qida məhsulunun mütləq ki son istifadə tarixi var. Açıq şəkildə satılan göbələklərin zəhərli olma ehtimalı da var. Qablaşdırmanın üzərində etiketdə istehsal tarixi və son istifadə tarixi göstərilməlidir”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
192
7
demokrat.az

10Mənbələr