AZ

Almanların 60 faizi Ukraynaya “Taurus” raketi verilməsinə qarşıdır

Almanların

Bakı, 6 mart, AZƏRTAC

Almaniya sakinlərinin təxminən 60 faizi Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükünə qarşı çıxır və onları Kiyevə vermək istəməyən Kansler Olaf Şoltsun mövqeyini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu Deutsche Presse-Agentur (DPA) agentliyinin sifarişi ilə “YouGov” sosiologiya institutunun keçirdiyi sorğunun nəticələri göstərir. Respondentlərin 58 faizi Kiyevə “Taurus” raketlərinin tədarükünün əleyhinə olduğu halda, yalnız 28 faizi bunu vacib sayır. Eyni zamanda, rəyi soruşulanların 31 faizi Ukraynaya alman silahlarının tədarükünü kökündən rədd edir.

Sosioloqlar AFR vətəndaşlarının Ukraynaya qoşun göndərilməsi məsələsinə münasibətini də öyrəniblər. Sorğuda iştirak edənlərin 72 faizinin fikrincə, almaniyalı hərbçilərin Ukraynaya göndərilməsi məsələsini birdəfəlik istisna etmək lazımdır. Hərbçilərin dərhal Ukraynaya göndərilməsi ideyasını isə respondentlərin yalnız 2 faiz dəstəkləyib.

Martın 1-dən 5-dək aparılan sorğuda 2169 nəfər Almaniya vətəndaşı iştirak edib.

Xatırladaq ki, martın 4-də Almaniya Kansleri Olaf Şolts Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükündən imtina edib. Kansler öz mövqeyini Almaniyanın müharibəyə cəlb oluna biləcəyi təhlükəsi ilə əsaslandırıb.

Seçilən
240
41
azertag.az

10Mənbələr