Qərbdən hərbi yardımın gecikməsi səbəbindən sursat, silah və hərbi texnika çatışmazlığı Ukraynanın hazırkı cəbhə xəttini müdafiəsiz vəziyyətdə qoya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Rusiyanın intensiv hücum əməliyyatları Ukraynanın ən çox təhlükə altında olan istiqamətlərində müdafiədə zəifliklər yarada bilər. Rusların bundan qəfil və gözlənilməz irəliləyiş üçün istifadə etmələri mümkündür.
Amerikalı analitiklərin fikrincə, bu, Rusiya hərbi komandanlığına cəbhənin istənilən hissəsində əməliyyatların intensivliyini artırmağa və ya azaltmağa imkan verəcək.
Cəbhədəki duruma gəlincə, Ukrayna ordusu martın əvvəlində Avdiv şəhərinin qərbində möhkəmlənə və qarşı tərəfin cəbhənin bu hissəsində irəliləməsini ləngidə bilib. ABŞ institutu hesab edir ki, buna baxmayaraq, Rusiya hərbi komandanlığı Avdiv yaxınlığında hücum əməliyyatlarını davam etdirməyi planlaşdırır.
Rusiya qoşunları 4 aylıq ağır və yorucu hücumlardan sonra fevralın 17-də Avdivi ələ keçirib.
Rusiya ordusu fevralın sonunda tez-tez taktiki uğurlar əldə edə bilirdi və qərbə doğru irəliləməyə çalışırdı. Amma Ukrayna çətin yarılan müdafiə xətti yaratdı. Ukraynalılar martın əvvəlində Berdıçi-Orlivka-Tonenke xətti yaxınlığındakı mövqelərdə rusların irəliləməsini ləngidiblər.