Bakı, 13 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondunun dəstəyi və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə mayın 13-15-də davam edəcək yerli mütəxəssislər üçün “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” mövzusunda təlim təşkil edib.
AZƏRTAC xəbər verir ki, ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertinin keçirdiyi təlimdə 200-ə yaxın ilkin səhiyyə və stasionar tipli tibb müəssisələrinin müxtəlif ixtisaslar üzrə həkimləri, digər müvafiq qurum və təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.
Təlimin əsas məqsədi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinə dair tibb işçilərinə və müvafiq qurumların və təhsil ocaqlarının mütəxəssislərinə müasir yanaşmaları təqdim etməklə 2030-cu ilədək İİV/QİÇS-ə son qoymaq məqsədinə nail olmaq üçün strateji yönümlü cavab tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.
Tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı və Səhiyyə Nazirinin müavini Nadir Zeynalov İİV/QİÇS epidemiyasının dayandırılmasında tibb işçilərinin bilik və bacarıqlarının, eyni zamanda, tədris proqramlarının beynəlxalq yanaşmalara uyğunlaşdırılması və təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
H.Harmancı qeyd edib ki, İİV infeksiyasının müalicəsi yoxdur. Lakin bununla yanaşı, beynəlxalq təlimatlara uyğun səmərəli profilaktika, diaqnostika, müalicə və qayğı xidmətlərinə əlçatanlığın təmin edilməsi ilə İİV infeksiyasını idarəolunan xroniki xəstəliyə çevirmək və bununla da İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan yaratmaq mümkündür. ÜST ölkələrə İİV infeksiyasının aşkarlanma sayını yüksəltmək və yoluxmuşların erkən müalicəyə cəlb edilməsi üçün yeni test alqoritmi və müayinəsinin desentralizasiyasını tövsiyə edir. Bu missiya çərçivəsində, həmçinin İİV, Hepatit B və sifilis infeksiyalarının anadan uşağa ötürülməsinın üçlü eliminasiyası strategiyası və ÜST-nin bu sahədə dəstəkləyici fəaliyyətləri də müzakirə olunacaq.
H.Harmancı bildirib ki, təlimdə İİV epidemiyasının müasir aspektləri, diaqnostikada yeni test alqoritmi, anadan uşağa ötürülmənin profilaktikası və üçlü eliminasiya, təmasdan əvvəl profilaktika (PrEP) daxil olmaqla İİV-in profilaktikası, İİV və ko-infeksiyaların müalicəsində müasir yanaşmalar, İİV-lə yaşayan insanların vaksinasiyası, stiqma və diskriminasiya mövzuları üzrə ÜST-nin son tövsiyələri əhatə edilib. Hər günün sonunda iştirakçılar təqdim olunan məlumatların mənimsənilməsi üçün qrup işi tapşırıqları üzərində çalışıblar. ÜST İİV epidemiyasının dayandırılması istiqamətində ölkələrə texniki dəstək göstərməyə hər zaman davam edəcək.
Sonra çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Lakin son illər digər region ölkələrdə olduğu kimi Azərbaycan da da heteroseksual yoluxma yolu üstünlük təşkil edir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkarlandığı 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9598 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6668-si (69,5 faiz) kişi, 2930-u (30,5 faiz) qadındır: “Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2024-cü ilin birinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyata götürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizində heteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4 faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolu müəyyənləşdirilməyib”.
Direktor müavini diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işini Respublika QİÇS-lə Mübarizə Mərkəzi davam etdirib. Belə ki, 2006-cı il noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 9130 İİV-lə yaşayan insan cəlb olunub. Gənclər arasında maarifləndirmənin davamı olaraq bu ilin fevralında Azərbaycan Tibb Universitetinin tələbələri üçün “Dünyada və Azərbaycanda İİV/QİÇS” adlı seminar keçirilib. Cari il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Mingəçevir, Gəncə, Bərdə şəhərləri, Tərtər, Ağcabədi, Goranboy rayonlarındakı keçmiş məcburi köçkün qəsəbələrində məskunlaşmış köçkünlər arasında İİV/QİÇS-lə mübarizə istiqamətində maarifləndirici tədbirlər və İİV, Hepatit B, C və sifilis infeksiyalarının skrininqi məqsədilə kütləvi müayinələr aparılıb. Eyni zamanda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi
və Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkilatçılığı ilə Goranboy, Göyçay, Kürdəmir, Ağdaş, Ucar rayonlarında həssas əhali qrupları arasında İİV, Hepatit C və B, sifilis və vərəmin aşkarlanması məqsədilə müayinə aksiyaları keçirilib: “Bu ilin birinci rübü ərzində İİV-ə yoluxmaya həssas əhali qrupları arasında İİV/QİÇS-lə mübarizənin təkmilləşdirilməsi məqsədilə həmin qrup nümayəndələri ilə profilaktik işlərə cəlb olunan qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün “Əsas əhali qrupları nümayəndələrinin yardım göstərməklə İİV-ə görə özünü müayinə və könüllü müayinə və məsləhətləşmənin təşkili” mövzusunda silsilə təlimlər təşkil edilir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi Covid-19 pandemiyası ilə mübarizədə fəaliyyətini hələ də davam etdirməkdədir. Belə ki, RQMM-in laborator xidmət bazasında COVİD-19-un diaqnostikası təşkil olunub və hazırda aparılır”.