TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzində Təməl Həyata Dəstək (BLS) təlimi keçirilib.
Mərkəzdən Medicalmedia.az-a bildirilib ki, həkim-nevroloq, klinik protokollar üzrə məsul şəxs Günel Adıgözəlovanın təşkilatçılığı ilə baş tutan təlimdə hadisə yerinin qiymətləndirilməsi, böyüklərdə, uşaqlarda və körpələrdə huşun qiymətləndirilməsi, ürək dayanmaları zamanı CPR (ürək, ağciyər reanimasiyası) tədbirlər barədə məlumat verilib.
Avtomatik Xarici Defibrilyatordan istifadə qaydaları, böyüklərdə, uşaqlarda və körpələrdə ürək-ağciyər reanimasiyasının fərqləri, tənəffüs yollarının yad cisimlə obstuksiyasının təyini və kənarlaşdırılması mövzuları da təlimdə əhatə olunub. Həmçinin Ambu kisəsi və maska vasitəsilə süni və dəstəkləyici ventilyasiyanın aparılması prosesi göstərilib.
Sonda xəstəxanadakı “Mavi Kod” xidmətinin təşkili istiqamətləri üzrə keçirilən təlimdə iştirak edən həkim və orta tibb işçilərinə BLS sertifikatı təqdim edilib.