AZ

Bu il məhsuldarlıq necə olacaq? - EKSPERT AÇIQLADI

“2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin səpini 1 milyon 25 min hektar ərazidə həyata keçirilir. Əvvəlki ilə nisbətən 2024-cü ildə payızlıq bitkilərin əkini azalıb. Ötən il 1 milyon 58 min hektar ərazidə payızlıq bitkilərin səpini həyata keçirilirdisə, bu rəqəm 1 milyon 25 min hektar olub. Dövlət Statistika Komitəsi biçin zamanı əkin sahəsinin həcmini azaldır. Bu da onunla əlaqədardır ki, bəzi ərazilərdə taxıl bitkisi normal yetişmir və kifayət qədər məhsul götürülmür. Ona görə də həmin sahələr silinir. Buna baxmayaraq əsas sahənin azalması yox, məhsuldarlığın yüksək olmasıdır. Məhsuldarlığın artması hesabına daha çox taxıl, o cümlədən, buğda əldə etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, bu il yazlıq əkini üçün ayrılan sahə 300 min hektarı əhatə edir: “Bu, əvvəlki ilə nisbətən 12,4% çox olsa da, 2022-ci illə müqayisədə az bir rəqəmdir. 2022-ci ildə 306 min hektarda yazlıq əkini həyata keçirilmişdi. Amma bu da xüsusi bir önəm kəsb etmir, çünki əsas məhsuldarlığın bol olmasıdır.

Son zamanlarda kartofun da əkin sahəsinin azaldığı müşahidə olunur. Keçən il 45 min hektarda, bu il isə 43,6 min hektarda kartof əkini həyata keçirilib. Bəzi tərəvəz bitkilərinin əkin sahəsində artım var. Bostan bitkilərində isə ümumiyyətlə son bir neçə ildə azalma olsa da, ötən ilə nisbətən 2024-cü ildə artım var”.

V.Məhərrəmov may ayına xarakterik olmayan anomal hava şəraitinin məhsuldarlığa necə təsir etdiyi barədə də danışıb: “Uzunmüddətli yağışlar yağdı, havanın temperaturu aşağı düşdü və bitkilərdə inkişaf prosesi yubandı. Bu ilin yazında müşahidə olunan bəzi təbiət hadisələri nəticəsində müxtəlif meyvələrin, xüsusilə gilas, ərik və.s istehsalında azalma görürük. Artıq ayın 25-də məhsul biçini başlamalı idi. Amma bir çox rayonlarda hələ də biçin prosesinin yubandığını müşahidə edirik.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, faraş kartof istehsalında artım var. Amma görürük ki, bazarda qiymətlə yüksəkdir. Bu halda düşünə bilərik ki, bəlkə də təklifdə azalma olduğu üçün qiymətlərin yüksək olmasına təsir göstərir. Məhsul istehsalı isə fermerlərimizin aqrotexniki qaydalara necə əməl edəcəklərindən asılı olacaq”.

“Qarşıdan yay ayları gəlir. Bildiyiniz kimi, son vaxtlar qlobal istiləşmə nəticəsində bizim regionda da havanın temperaturunun kəskin artdığı müşahidə olunur. Bu yay da havalar isti keçəcək”,- deyə bildirən ekspert belə hava şəraitində məhsuldarlığın aşağı düşməməsi üçün atılmalı olan addımları da qeyd edib: “İlk növbədə fermerlərin suvarma üçün suya olan tələbatı ödənilməlidir. Bunu qısa bir müddətdə etmək mümkün deyil. Amma son zamanlar Kürün səviyyəsi artıb, həmçinin ölkə ərazisində yerləşən göllərimizdə kifayət qədər su var. Bu su mənbələrinin səmərəli istifadəsi təşkil olunsa, həmçinin, bitkilərə lazım olan mineral elementlər təmin edilsə, aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl olunsa, havalar isti keçsə belə məhsuldarlığın artmasına nail ola bilərik. Bunun üçün Azərbaycanda kifayət qədər şərait var”.

Ləman Sərraf

Seçilən
263
31
sia.az

10Mənbələr