AZ

Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə muxtar respublikanın kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova 2023-cü ildən başlayaraq Naxçıvanda lizinq qaydalarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir müavini qeyd edib ki, Naxçıvanda 2022-ci ilin sonundan etibarən lizinq qaydaları ləğv olunub. Bu da istehsalçıların bu xidmətlərdən faydalanmasında bir sıra çətinliklər yaradıb. Ötən ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə təkmilləşdirilmə aparılaraq yeni qaydalar təsdiq olunub. Cari ildə isə mexanizm hazırlanıb və müvəkkil bank olaraq “Kapital Bank” ASC seçilib. İyulun 16-dan bankın əməkdaşları Naxçıvana ezam olunub, həm nazirliyin, həm də “Naxçıvan Aqroservis” ASC-nin əməkdaşları ilə birgə görüş keçiriblər.

Aqrar sahədə lizinq xidmətləri kənd təsərrüfatı istehsalı vasitələri olan texnika və texnoloji avadanlıqları, müasir suvarma sistemlərini və damazlıq heyvanları əhatə edir deyən Xəyalə Dadaşova qeyd edib ki, texnika və texnoloji avadanlıqların, o cümlədən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi, damazlıq heyvanların isə 60 faizi dövlət dəstəyi hesabına ödənilir. Qalan vəsait isə bank və istehsalçı tərəfindən müvafiq qaydada qarşılanır. İstehsalçılar uzaq məsafə qət etmədən “Kapital Bank”ın yerli bölmələrinə və Naxçıvan Aqrar Xidmətlər Mərkəzinə müraciət edərək lizinq xidmətlərindən yararlana bilərlər.

Sonra “Kapital Bank” ASC-nin əməkdaşı Fərhad Məmmədquliyev lizinq fəaliyyətinə dair müxtəlif mövzuları əhatə edən təlim keçirib. O, müştərinin qəbulu, müraciətə baxılması, ilkin təhlil sənədlərinin toplanması, alqı-satqı, eləcə də təhvil-təslim prosesinin qurulması və digər məsələlərlə bağlı geniş məlumat verib. Həmçinin fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumlarının, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin əməkdaşları, eləcə də fiziki və hüquqi şəxslər iştirak edib.

Mənbə: AZƏRTAC

Seçilən
47
2
ilk.az

3Mənbələr