AZ

Gürcüstan Rusiyaya ŞƏRT QOYDU: Moskva Tiflisə güzəştə gedəcəkmi? - ƏTRAFLI

"Rusiya Gürcüstan ərazilərinin işğalını dayandırmayana və Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər bu formatda iştirak etməyəcəyik. Bunu “3+3” formatı ilə bağlı sualı cavablandırarkən Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib: "Lakin bu, o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik və Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq", - deyə Gürcüstan rəsmisi vurğulayıb.

Bəs görəsən, Gürcüstanın formatda iştirak üçün şərt qoymağı nə dərəcədə doğrudur? Ümumiyyətlə, Rusiyanın bu şərti qəbul etməsi mümkünə çevrilə bilərmi?

Mövzunu "MediaPost"a şərh edən politoloq Turan Rzayev bildirib ki, Gürcüstan 3+3 formatı ilə bağlı bu şərti ilk dəfə səsləndirmir: "Gürcüstanın bu formatda iştirak etməməsinin ən böyük səbəbi Rusiyanın bu ölkənin ərazi bütövlüyünü pozmasıdır. Rəsmi Tiflisin Rusiyanın olduğu bir platformaya qoşulması bir qədər inandırıcı deyil.

alt

Amma Azərbaycan və Türkiyə illərdir Gürcüstanı bu platformaya cəlb etməyə çalışır. Bu, ona görə vacibdir ki, 3+3 regionun daxili məsələlərini həll etmək üçün ideal platforma ola bilər. Belə olan təqdirdə Gürcüstanın proseslərdən kənarda qalması və ya məsələni Rusiya aspektindən dəyərləndirib qoşulmaq istəməməsi anlaşılandır. Amma bu, Gürcüstanın şərt qoyması demək deyil. Tiflis sadəcə həssaslığını nümayiş etdirir. Əslində Gürcüstanın da bu platforma çərçivəsində Rusiya ilə problemlərini həll etməsi mümkündür. Ona görə də, Ankaradakı görüşə dair ümidlər pozitivdir. Görüşə qədər Azərbaycan və Türkiyənin Tiflisi razı salmağa çalışması gözləniləndir".

Politoloqun sözlərinə görə, Rusiya Gürcüstanın platformada iştirakını istəyirsə, o zaman rəsmi Tiflisin təkliflərini qəbul etməlidir: "Mövcud Abxaziya və Osetiya problemlərinin həlli qərb variantında mümkün deyil. Ona görə də, Gürcüstan bu problemi 3+3 formatında məhz Rusiya ilə həll etməlidir. Gürcüstanın 3+3 formatında iştirakdan imtinası Azərbaycan və Türkiyə ilə əlaqələrinin sona çatması demək deyil. Gürcüstan neytral ölkə kimi Azərbaycan və Ermənistan danışıqlarında iştirak edə bilər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Gürcüstanın strateji mövqeyi və Cənubi Qafqaz üçün əhəmiyyəti bu ölkəni Bakı və Ankara üçün əvəzedilməz edir. Buna rəğmən biz Gürcüstanın 3+3 formatında iştirakını da çox istəyirik".

Müşviq Tofiqoğlu

Seçilən
967
37
mediapost.az

10Mənbələr