Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sumqayıt”, “Zirə” və “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyunlarını keçiriblər.
Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanın “Fehervar” komandasını qəbul edən “Sumqayıt” 20-ci dəqiqədə Səbuhi Abdullazadənin qolu sayəsində hesabı açıb. Lakin 32-ci dəqiqədə Murad Xaçayev qırmızı vərəqə alıb. Bundan yararlanan “Fehervar” iki qol vuraraq, 2:1 hesablı qələbə qazanıb.
“Zirə” “Dalğa Arena”da Slovakiya kollektivi “Dunayska Streda”nı böyük hesabla məğlub edib. 29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə Martins Junior rəqibi məyus ediblər. Davit Volkov 51 və 53-cü dəqiqələrdə fərqlənərək, dubla imza atıb. Nəticədə “Zirə” 4:0 hesabı ilə qalib gəlib.
“Sabah” isə Macarıstanda İsrailin “Makkabi” (Hayfa) klubunun qonağı olub. Kişvarda şəhərinin eyniadlı stadionunda baş tutan matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın heyətində qolları 61-ci dəqiqədə Pavol Şafranko, 78-ci dəqiqədə Cesse Sekidika və 88-ci dəqiqədə Xəyal Əliyev vurublar.
Qeyd edək ki, “Sumqayıt” cavab oyununu iyulun 31-də, “Sabah” və “Zirə” isə avqustun 1-də keçirəcəklər.