AZ

Ermənistanda Rusiyaya qarşı birbaşa əməllər görünmür - Ekspert

İrəvanın Moskvaya qarşı mövqeyi sadəcə siyasi ritorikada hiss olunur  Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib. Zaxarova bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir: “Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb. Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”. Onun sözlərinə görə, Rusiya ilə müttəfiqlik münasibətlərinin qəsdən pozulması təəssüf hissi doğurur. Diplomat, eyni zamanda KİV-də anti-Rusiya fikirlərinin yer aldığını da qeyd edib.   Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, tərəflər sərt açıqlamalara üstünlük versələr də, bir-birinə yönəlik konkret və birmənalı hərəkətə keçmirlər. Ekspertə görə, Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir: "Ermənilər rusların hərbi və iqtisadi infrastrukturlarına zərər vurmurlar, təhdid yaratmırlar. Yəni İrəvanın Moskvaya qarşı mövqeyi sadəcə siyasi ritorikada hiss olunur. İki tərəf qarşılıqlı şəkildə bir-birini ittiham edirlər. Amma Ermənistan ərazisində Rusiyaya qarşı birbaşa və gözəçarpan əməllər müşahidə olunmur. Ona görə Rusiya da adekvat addımlar atmır. Əgər İrəvandan konkret addımlar olarsa, yəqin ki, Kreml müəyyən tədbirlər görəcək. Rusiya indiyədək çalışırdı ki, dolayı yolla, xüsusən, Rusiyanın "5-ci kolon" sayılan siyasi partiyalar hesabına Ermənistana təsir göstərsin. Lakin buna nail olmadı".

Seçilən
632
50
sherg.az

10Mənbələr