AZ

Tanınmış latviyalı rəssam Yuliyus Straumenin Azərbaycandakı irsi beynəlxalq konfransda müzakirə olunub

Tanınmış latviyalı rəssam Yuliyus Straumenin Azərbaycandakı irsi beynəlxalq konfransda müzakirə olunub

Latviyanın Qulbene şəhərində “İki Yuliyus.Straume.150” mövzusunda VII Beynəlxalq elmi konfrans və Beynəlxalq İncəsənət Festivalı keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, konfransın açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tanınmış latviyalı rəssam, tətbiqi sənət ustası və etnoqraf Yuliyus Straumenin 1908-1911-ci illərdə Şuşada yaşadığını və Qarabağ xalçalarının tədqiq etdiyini, həmçinin Azərbaycanın digər bölgələrinə səfər etdiyini və xalçaçılıq sənətimizlə yanaşı, etnoqrafik irsi də araşdırdığını qeyd edib.

Səfir bildirib ki, Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa Azərbaycan xalqının taleyində və tarixində böyük əhəmiyyətə malikdir. O, Şuşanın 30 ilə yaxın erməni işğalı altında olduğunu diqqətə çatdıraraq 2020-ci ildə azad olunmasından sonra şəhərdə genişmiqyaslı bərpa işlərin aparıldığını, mədəni həyatının qayıtdığını və beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb.

E.Sultanov Y.Straumenin zəngin irsi həm Azərbaycan, həm də Latviyada qorunub saxlandığını və onun 150 illiyi münasibətilə hər iki ölkədə bir sıra mədəni tədbirlərin keçirildiyini bildirib.

Səfir vurğulayıb ki, 2024-cü il ərzində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu münasibətlə o, “Azərxalça” ASC tərəfindən hazırlanmış, özündə hər iki ölkənin milli ornamentlərini əks etdirən xalçanı Qulbene Tarix və İncəsənət Muzeyinin direktoru Valda Dargayisə təqdim edib.

Sonra konfransda Azərbaycan nümayəndələrinin “Azərbaycan xalça toxuma ənənəsi: UNESCO-ya aparan yol” və “Mədəni dialoqlar: Azərbaycan və Latviya arasında kəsişmələrin təşviqi” mövzularında məruzələri dinlənilib.

Konfransda çıxış edən digər ölkələrin mütəxəssisləri məruzələrində Y.Straumenin Azərbaycanda yaşadığı dövrün və orada Qarabağ xalçalarının tədqiqatının onun yaradıcılığında mühüm yer tutduğunu qeyd ediblər.

Festivalda Latviyada fəaliyyət göstərən “Buta” rəqs qrupu tərəfindən təqdim olunan Azərbaycan milli rəqsləri böyük maraqla qarşılanıb.

Mənbə: AZƏRTAC

Seçilən
54
1
ilk.az

2Mənbələr