İngiltərənin Sautport şəhərində uşaqların bıçaqlanmasından sonra bir digər etiraz aksiyası Britaniya Baş nazirinin iqamətgahı qarşısında, “10 Downing Street”də baş verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma olub. Yüzlərlə etirazçı iqamətgahın qapılarına məşəllər atdıqdan sonra “uşaqlarımızı xilas et”, “qayıqları dayandırın” şüarları səsləndiriblər. 10-dan çox etirazçı polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, iyulun 29-da Böyük Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində baş vermiş bıçaqlı hücum nəticəsində üç uşaq qətlə yetirilib, 9 uşaq yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetməni saxlayıb. İyulun 30-da Sautport şəhərində etirazçılar aksiya keçirib və nəticədə polislə qarşıdurma yaranıb.
Bu gün bəzi sosial media şəbəkələrində 17 yaşlı yeniyetmənin Britaniyada qeyri-qanuni yaşayan immiqrant olduğu xəbərləri yayılıb. Bundan sonra isə sağçı quruplar Baş nazirin ofisi önündə aksiya keçirmək qərarına gəliblər.
AZƏRTAC-ın xüsusi müxbiri
London
Mənbə: AZƏRTAC