AZ

"Sabah" və "Zirə"nin rəqiblərini TANIYAQ

Dünən "Sabah" və "Zirə" UEFA Konfrans Liqasında mərhələ adlamaqla yeni rəqiblərini tanıdı.

Prosport.Az müvafiq olaraq klublarımızın rəqibi olan İrlandiyanın "Seynt Patriks Atletik" və Xorvatiyanın "Osiyek" komandalarını tanıdır.

"Seynt Patriks Atletik"

Maraqlıdır ki, "Seynt Patriks Atletik"in necə yaranması haqda ingilisdilli mənbədə məlumat yoxdur. Yalnız o bəllidir ki, 95 il əvvəl – 1929-cu ilin mayında yaradılıb. Klub 1951/52 mövsümündən Böyük Britaniyadan yenicə müstəqillik qazanmış İrlandiyanın Liqasında mübarizə aparmağa başlayıb. Elə həmin il də çempion olub. Komanda 8 dəfə ölkə çempionu olub, 5 dəfə İrlandiya, 4 dəfə Liqa Kubokunu qazanıb. Son çempionluğundan 11 il keçsə də, İrlandiyanın titullu klublarından sayılır. Çempionluq sayında ölkənin 5-ci klubudur. 

Qış-payız sistemi ilə keçirilən çempionatda ötən il 3-cü yeri tutan klub paytaxt Dublinin İnçikor rayonunu təmsil edir. 1939-cu ildən komanda ev oyunlarını "Riçmond Park" stadionunda keçirir. 1925-ci ildə inşa olunmuş bu arenanın 5340 tamaşaçı tutumu olsa da, 2800 oturacağı var. Komandanı mayın 16-dan 52 yaşlı Stiven Keni çalışdırır. Bu klubda legioner demək olar ki, yoxdur. Təbii ki, Böyük Britaniya vətəndaşlığı olan 6 ingiltərəli və bir isveçli futbolçunu hesaba almasaq. Komanda hazırda çempionatda 25 turdan sonra 28 xalla 7-cidir.

"Seynt Patriks Atletik" Konfrans Liqasının II təsnifat mərhələsində Lixtenşteynin "Vaduts" klubunu öz meydanında 3:1 məğlub edib, səfərdə isə 2:2 oynayıb.

"Osiyek"

"Zirə"nin rəqibi "Osiyek" isə 1945-ci ilin fevralın 27-də yaradılıb. Komanda əvvəl 1916-cı ildə yaradılmış və kommunistlərin gəlişi ilə ləğv edilmiş "Slaviya" komandasının bazası əsasında fəaliyyət göstərib. Adı isə "Udarnik" olub. 1946-cı ilə "Yedinstvo" klubu ilə birləşərək adı "Slavoniya"ya dəyişib. "Slavoniya" isə 1947-ci ilin fevralın 27-də "Bratstvo" ilə birləşərək "Proleter" yaradıb. Məhz bu səbəbdən klubun yaranma tarixi 1945 yox, 1947-ci il kimi nəzərə alınır. 1962-ci ildə "Slavoniya" adına qayıdan komanda 5 il sonra indiki adına qovuşub.

"Osiyek" Zaqreb "Dinamo"su, "Xayduk" və "Riyeka" ilə bərabər müstəqil Xorvatiya çempionatının elitasını tərk etməyən 4 klubdan biridir. Əsas rəqibləri "Riyeka"dır. Çünki bu komandalar həmişə bürünc medallar uğrunda bir-birinə rəqibdir. "Osiyek" yalnız 1 dəfə 2020/21 mövsümündə gümüş medalları qazanıb. 1998/99 mövsümündə isə Xorvatiya Kuboku muzeylərində var.

1958-ci ildən komanda Qradski Vrtda, yəni şəhər stadionunda ev oyunlarını keçirib. Lakin ötən ildən komanda "Opus Arena"da ev oyunlarını keçirməyə başlayıb. 65 milyon avroya inşası başa gələn və ötən ilin iyulun 1-də açılan stadion Xorvatiyanın 4-cü böyük futbol arenası sayılır. Milli komandanın da istifadə etdiyi stadionun tamaşaçı tutumu 13 005-dir. UEFA oyunları zamanı arena "Osiyek" stadionu" kimi təqdim olunur.

Komandaya iyulun 1-dən 39 yaşlı italiyalı Federiko Koppitelli baş məşqçilik edir. Heyətdə Portuqaliya, Ermənistan, İsveçrə, Braziliya, Niderland, Argentina, Bosniya və Herseqovinadan legionerlər çıxış edir. Bu il yanvarın 23-də "Ararat-Armeniya"dan birdəfəlik transfer edilən Ermənistan millisinin 21 yaşlı mərkəz müdafiəçisi Styopa Mkrtçyanın Bakıdakı oyuna gətirilib-gətirilməməsi maraqla gözlənilir.

"Osiyek" "Zirə"dən fərqli olaraq, avrokubok təcrübəsi çox olan komandadır. 1995/96 mövsümündən etibarən avrokuboklarda çıxış edən "Osiyek" heç vaxt qruplarda çıxış edə bilməyib. II təsnifat mərhələsində onlar Estoniyanın "Levadiya" komandasını 5:1 və 1:0 hesabları ilə məğlubiyyətə uğradıb.

Seçilən
400
42
prosport.az

10Mənbələr