Kolumbiya Prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə bu ölkəyə kömür tədarükünü dayandıran fərman imzalayıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.
“İsrailə kömür ixracı qadağandır”, - fərmanda deyilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.
Fərmanda qeyd edilir ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib. Sənəddə deyilir: “İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”.
Mənbə: AZƏRTAC