Ölkə 14.05.2022

Artıq Azərbaycan kağız kitabına dəstək verən ölkələr sırasında olacaq - ƏDV qərarı

"Bu qərar kitabın qiymətinə bir başa təsir edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu Baş nazir Əli Əsədovun Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi ilə bağlı qərarının kitab biznesi və çap mediasının inkişafına təsirlərindən danışarkən deyib. Direktorun sözlərinə görə, bu qərar həm də kitab mədəniyyətinə olan münasibətin göstəricisidir:
 


"Kitabın üzərində 18% ƏDV vardı. ƏDV-ni götürməklə kitabın qiyməti istər-istəməz vergi yükündən azad olunur və aşağı düşür. Çox ölkələrdə, xüsusi ilə də Avropa ölkələrində kağız kitabın üzərindən ƏDV götürülmüşdü. Azərbaycanda isə qalırdı. Bu da tez-tez hesabatlarda gedirdi, indi şükürlər olsun ki, kağız kitab üzərindən ƏDV götürüldü. Artıq Azərbaycan kağız kitabına dəstək verən ölkələr sırasında olacaq. Eyni zamanda, bu qərar rəqabəti də gücləndirəcək. Yeni naşirlər meydana çıxacaq, kitabların sayı artacaq. Ümumiyyətlə, yazıçılıq özü aktuallaşacaq. Bu qərarı dəstəkləyirəm”.

Mövzu ilə bağlı danışan "Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov sözü gedən qərarın çap mediasının inkişafına müsbət təsirlərinin olacağını vurğuladı:
 

 
"Bu xeyli vaxtdır ki, qaldırılmış və müzakirə olunan bir təşəbbüsdür. Çox şükür ki, müzakirələr öz töhfəsini verdi və bununla bağlı qərar qəbul olundu. Bu qərar çap mediası, kitab sənayesi və Azərbaycana xarici mətbuatın gətirilməsinə öz töhfəsini verəcək və həm də xeyri olacaq. Ən azı 18% maya dəyərindən azalacaq. Bu da müəyyən mənada çap məhsullarında ucuzlaşma yaradacaq. Son 6 ayda qəzet kağızlarının qiymətində 120 dollar bahalaşma olub. Hesab edirəm ki, əlavə dəyər vergisinin ləvği hər ton üçün qəzet kağızının qiymətinə 80-90 dollar təsir edəcək, yəni ucuzlaşacaq. Bu da imkanları zəif olan çap mediasına, qəzetlərə güzəştdir”. 
 
Qeyd edək ki, Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı qərar imzalayıb.

Bahar Rüstəmli