İdman 18:56 13.06.2022

Avropa çempionu olan baş məşqçidən De Byaziyə: “Komandanı belə oynatmaq lazımdır”

Böyük futbolda olmasa da, Azərbaycanı Avropada təmsil edən başqa bir komanda, minifutbol üzrə yığmamız bizi sevindirib, qürurlandırdı. Millimiz Slovakiyada keçirilən Avropa Çempionatında qalib oldu. Təmsilçimiz finalda altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə yenərək yarışın ən güclüsü adını qazandı. Təbii ki, komandanı bu uğura daşıyan şəxslərdən biri və demək olar, birincisi, baş məşqçi Elşad Quliyev idi. Millimizin Avropa çempionluğuna gedən yolunda böyük əmək sərf edən mütəxəssisin təəssüratlarını öyrəndik.

Quliyev Qaynarinfo-ya müsahibəsində təəssüratlarını bölüşməklə yanaşı, Avropada bizi biabır edən Canni De Byazinin komandasının çıxışına da toxundu.

- Avropa çempionu adını qazanmaqla azərbaycanlı futbolsevərləri qürurlandırdınız. Təəssüratlarınız necədir?

- Çempionat ağır keçdi. Güclü komandalar çox idi. Hər gün oynayırdıq. Başlanğıcda çətin qrupa düşmüşdük. Demək olar, "ölüm qrupu” sayılırdı. Fikrimiz qrupdan çıxmaq idi. Yarışdan əvvəl müsahibə verəndə bildirmişdim ki, qrupdan çıxsaq, yarımfinala qədər irəliləmək şansımız daha çox olacaq. Planlaşdırdığımız kimi də alındı. Qrupdan ikinci yerlə çıxdıq və yarımfinala qədər irəlilədik. Oradakı rəqibimiz Qazaxısatn güclü idi. Əslində 1/4 finaldakı rəqibimiz - Slovakiya da zəif deyildi. Onlarla oyunda xeyli güc itirmişdik. Az bir müddətdə toparlandıq. Qazaxıstanla oyundakı çətin qələbədən sonra finala çıxdıq və Rumıniyanı məğlub edərək, Avropa çempionu olduq.

- Altıqat Avropa çempionu Rumıniyaya qarşı xüsusi hazırlıq görmüşdünüz?

- Qrupda ilk oyunumuz da onlara qarşı olmuşdu. Həmin vaxt rəqibi yaxşı tanımırdıq, analiz etməmişdik. İkinci oyunda bizim üçün hər şey aydın idi. Oturub oyunlarını izləmişdim. Bir neçə gün ərzində analiz etdim. Düşündüyüm kimi oynadıq, bu da bizə uğur gətirdi.

- Ən gözləmədiyiniz hesab hansı oyunda qeydə alındı?

- İspaniya ilə oyun çox çətin oldu. Pis komanda deyildilər. Fərq o idi ki, ya biz ispanları, ya da onlar komandamızı məğlub etməli idi. Kim qələbə qazansa, qrupdan çıxacaqdı. İspaniya albanlarla qarşılaşmışdı. Həmin oyuna baxdım. Gördüm ki, müdafiəyə qayıtmaqda problemləri var və oyunu da məhz bunun üzərində qurduq, pressinq etdik. Bu bizə uğur gətirdi, 5:1 hesablı qələbə qazandıq. Yolumuz açıldı və bir qədər rahatladıq. Çünki növbəti oyunda heç-heçə də sərf edirdi. 1:0 hesabı ilə Albaniyanı məğlub etdik. İsrail də güclü rəqib idi. Qazaxıstanı qrupda 5:2 hesablı məğlubiyyətə uğratmışdılar. Üstün tərəfləri o idi ki, üç nəfər yüksək səviyyəli hücumçuları vardı. Hansı ki, turnirdə hərəsi 3-4 qol vumuşdu. Həmin hücumçuları "bağlamaq” lazım idi. Müdafiədə problemləri gördüyümüz üçün onların səhvlərindən istifadə etməli idik. İstədiyimiz kimi alındı, hücumçuları "bağladıq”, qapımıza təhlükəni azaltdıq və müdafidəki səhvlərindən yararlandıq. Onları da sıradan çıxardıq. Qazaxıstanla oyunda uşaqlar yorğun idi. Çətin olacağını bilirdik. Əsas oyunçularımızdan Vüsalı əvvəlki oyunda qırmızı vərəqə aldığı üçün itirmişdik. Hesabda iki dəfə geri düşməyimizə baxmayaraq, sonda qələbə qazandıq.

- Finaldan öncə komandaya nələr dediyiniz maraqlıdır…

- Finaldan öncə cənab nazir Fərid Qayıbov və "Zirə”nin prezidenti Orxan Məmmədov əlaqə saxladılar, dəstək verdilər. Uşaqlar daha da ruhlandı. Taktiki gedişlərdən əlavə, son nöqtəni qoymaq lazım idi. Bunu uşaqlara xatırlatdım və həmin matçda da nöqtəni qoyduq. 

- Turnirdə digər ölkələrin təmsilçilərinin heyətində yüksək liqalarda oynamış, hansısa məşhur futbolçular vardı?

- Bilirsiniz necədir, futzal, minifutbol elədir ki, komandalar heyətlərinə bu oyunları oynaya bilən peşəkar futbolçular tapırlar. Yəni əsas millinin hansısa oyunçusunu həmin yarışlara aparsan belə, bu futbolu bacarmırsa, deməli, oynaya bilməyəcək. Baxın, məsələn minifutbolda böyük texniki bacarıqlara ehtiyac var. Birəbirdə rəqibi keçməlisən. Yüksək səviyyəli müdafiən olmalıdır, hansı ki, birəbirdə heç kimə uduzmamalısan. Rəqib səni keçdisə, qapında qol görəcəksən. Hücum və müdafiəyə dönüşdə dinamika olmalıdır. Eyni böyük futboldakı kimi. Müasir Avropa futbolunda da məhz bunu tələb edirlər - birəbirdə rəqibi keçmək, heç kimə uduzmamaq, kompakt oynamaq, hücuma atılmaq və komanda şəklində müdafiə olunmaq. Biz də bunun üzərində çalışmışdıq. Başqa heç nə lazım deyil. Hansısa qeyri-adi futbolçunun olması heç nəyi dəyişmir. Komanda eyni şeyi bacarmalıdır. Mənə elə gəlir ki, birəbirdə güclü oyunçusu olan klub həmişə üstün tərəfdir. Müdafiə baxımından rəqibə birəbir uduzmursansa, bu da komandanın üstünlüyüdür. Əks halda belə rəqibi məğlub etmək daha rahatdır.

- Bakıda bu şəkildə yaxşı qarşılanacağınızı gözləyirdiniz?

- Əslində, bu, Azərbaycan xalqı, tarixi üçün ilkdir. Göstərdik ki, kollektiv şəkildə də qələbə qazanmaq, hansısa nailiyyətlər əldə etmək olar. Əvvəllər deyirdik ki, kollektiv oyunları yaxşı bacara bilmirik. Amma əksini göstərdik. Sadəcə, düzgün yanaşmaq, məqsəd uğrunda mübarizə aparmaq lazımdır. Bizim də məqsədimiz o idi ki, bu işləri görməliyik. Sağ olsun uşaqlar, əsas pay onlara düşür. Gedəndən oteldən kənara çıxmayıblar, hamının fikri işinə yönəlmişdi. Belədə nəticə olur. 

- Oradakı şərait, meydança və s. necə idi? Hər hansı narazılığınız oldu?

- Şərait, meydança yaxşı idi. Tamaşaçılar vardı. Hansısa komanda yarışa heç bir dəqiqə də gecikmirdi. Problemlər olmadı. Necə planlaşdırmışdılarsa elə də yarış keçdi. Günə 8-9 oyun keçirilirdi. İsinmə vaxtları da ayrılmışdı. Meydança birinci oyunda bizə narahatlıq yaratmışdı. Çünki uşaqlar heç vaxt belə qazonda oynamamışdı. Ən müasir statndartlara uyğun meydança idi. Sonradan uyğunlaşdılar və problem yaşamadılar. 

- Artıq Azərbaycanın minifutbol yığması Avropada sözünü dedi. Bundan sonra komandanı hansı şəkildə inkişaf etdirmək planlarınız var?

- Əvvəl adımız 4-cü səbətdə idi. İndi vəziyyət 180 dərəcə dəyişdi. Avropa çempionatının ən güclü 8 komandası dünya çempionatına vəsiqə əldə etməli idi. Biz gələn il keçiriləcək yarışa vəsiqə qazandıq. Əsas məsələlərdən biri budur. İkincisi, reytinq xalımız yüksəldi. Növbəti dəfə ya 1-ci, ya da 2-ci səbətdə olacağıq. Bu da o deməkdir ki, püşkatma zamanı qrupumuza ən azı bizdən daha zəif olan iki rəqib düşəcək. Belədə daha az güc itirməklə qrup mərhələsini adlaya bilərik. Hamısı böyük faktordur. Əvvəl isə bizdən sonra bir zəif komanda ya olurdu, ya olmurdu. Hazırda lider ölkəyik və yüksək reytinq var. İstənilən halda yarışa 100 faiz hazır getməlisən, çünki dünya çempionatında daha güclü komandalar iştirak edəcək. Rumıniya keçən il finalda Meksikaya məğlub olmuşdu. Ən güclülərdən biri Braziliyadır. Çalışacağıq, dünya çempionatına yaxşı hazırlaşaq. Zirvəyə qalxmaq asandır, orada dayanmaq çətindir. 

- Dünya çempionatı nə zaman olacaq?

- Əslində, Kiyevdə olmalı idi. Məlum vəziyyətə görə Dubaya keçirdilər. Oralarda havalar isti keçdiyinə görə dünya çempionatını yanvar ayına salmışdılar. Buna ehtimal böyük olsa da, tam dəqiq deyil. Nə vaxt keçiriləcəyi 10-15 günə dəqiqləşər yəqin ki.

- Dünya çempionatı ilə bağlı heyətdə hansı dəyişikliklər etməyi planlaşdırırsınız?

- Hələ vaxtımız var. Yəqin ki, bir-iki oyunçu dəyişikliyi olacaq. Amma Avropa çempionu olan komandamızı saxlamaq fikrim var. 

- Dünya çempionatında hansı yerləri hədəfləmisiniz?

- Avropa çempionu adını qazanmışıqsa, niyə də dünya çempionu olmayaq? Qarşıya 100 faiz çempionluq məqsədi qoyulacaq. Avropa çempionuyuqsa, dünya çempionatında qrupdan çıxmağı düşünmək düzgün olmaz.

- Canni De Byazinin rəhbərlik etdiyi əsas millimiz hazırda Avropadakı üz qaramızdır (Belarusla son oyunu çıxmaqla. - red.), demək olar, qarşısına çıxan hər rəqibə uduzub. Minifutbol yığmamızdakı hansı xüsusiyyət onlarda yoxdur?

- Əvvəla mən heç vaxt bu qədər müdafiəçi ilə meydana çıxmazdım. Daha ürəkli, sürətli komanda yaratmaq lazımdır. Bunun üçün yetərincə futbol oynaya bilən uşaqlarımız var. Baxın, İtaliyadakı, İspaniyadakı kimi hündürboy, güclü müdafiəçilərimiz heç vaxt olmayıb. Ona görə də heç vaxt rəqibi arxada qarşılayıb oynaya bilmərik. Bu, bizim mentalitetimizə xas olmayan bir futboldur. Rəqib meydançasında təzyiq etməliyik, onları sıxıb qapımıza yaxın buraxmamalıyıq. Slovakiyaya qarşı müdafiə olunursansa, onlar autdan, yaxud künc zərbəsindən, hardan olsa ən azı bir qol vuracaqlar. Polşaya, Norveçə qarşı da oynasaq eynidir. Avropadakı kimi hündürboy oyunçularımız az olduğundan hücum futboluna üstünlük verilməlidir. Komandanı belə oynatmaq lazımdır. Baş məşqçi hər dəfə çıxıb deyir ki, "biz yaxşı oynadıq”, "yaxşı olacaq” və sair. Oyunumuz isə bunu göstərmir. Bu qədər müdafiəçi ilə yaxşı oynaya bilmərsən, mümkün deyil. Azər Salahlı, Bəhlul Mustafazadə ilə bunu bacarmarıq. Futbolçu kimi pis deyillər. Kimisə pisləmirəm. Sadəcə, onu demək istəyirəm ki, 6-7 müdafiəçi ilə oynayırsansa, qol buraxacaqsan. Nə zaman qol vurduğumuz yadımızdan çıxıb artıq. Belədə hansı qələbədən danışmaq olar? Udmaq istəyirsənsə, qol vurmalısan. Qazaxıstanın xeyli oyunçusu yox idi. Belarus demək olar ikinci heyətlə, özü də 18 yaşlı qapıçı ilə oynayırdı. Biz qapıya zərbə vurmuruqsa, hansı qələbədən danışa bilərik. Rəqib üçün ən azı 6-7 təhlükə yaratmalısan ki, onlardan heç olmasa ikisini qola çevirə biləsən. Yoxdursa, deməli, hamıdan qorxuruq. Prosineçkinin, Qurban müəllimin vaxtında daha yaxşı idi. "Qarabağ”ın oyunçularından çox istifadə edirdilər. "Sumqayıt” altı aydır qələbə qazana bilmir. Sən yığmada bu komandanın iki futbolçusunu oynadırsansa, deməli, problemdir. Düzdür, futbolçularımızın sayı azdır, amma daha cəld və yüngül olanlar var.

- Bunu yerli məşqçilərlə də etməyimiz mümkündür, düzdürmü?

- Bəli, sizinlə tam razıyam. Yerli məşqçilər və futbolçularla, yəni bayrağa vətənə bağlı insanlarla işləməliyik. Bilməlidirlər ki, küçəyə, məktəbə gedəndə onlardan soruşacaqlar ki, "niyə uduzursan”. Amma bu oyunçulardan kimi tanıyırıq? Höccəti, Eddini, Almeydanı sonra harda görəcəyik ki, onlardan məğlubiyyətin səbəbini soruşaq? Milli ruh olmalıdır, əsas məsələ budur. Bu mərhələ getdi. İnşallah, növbəti tsikldə daha səviyyəli, yerli məşqçi gələr, öz uşaqlarımıza güvənər. Demirəm, dərhal hər şey düzələcək. Ən azından qrupda indiki heyətlə 9-10 xal toplaya bilərik. Bu komanda rəqiblərin heç birindən zəif deyil. 

- Avropa çempionluğuna görə komanda üçün hansısa mükafat nəzərdə tutulmuşdu?

- Xeyr, sağ olsunlar, uşaqlar mənimlə bu haqda heç bir söhbət etməmişdi. Sübut etmək istəyirdik ki, Azərbaycanda futbolçu, məşqçi, komanda var. Pul və digər məsələlər ikinci dərəcəlidir. Bütün uşaqlar bunu düşünürdü - vətən, bayraq, evdəkilər üçün qələbə qazanmalıyıq. Onlara bu sevinci bəxş etməliyik. 

Səbuhi Həsənov