Dünya 12:15 24.08.2022

Avropa son 500 ilin ən bəd quraqlığını yaşayır

Hazırda Avropanın üçdə ikisi əhəmiyyətli quraqlıq yaşayır ki, bu da son 500 ilin ən pis su qıtlığı dövrüdür.

Qaynarinfo bu barədə ABC-yə istinadən xəbər verir.

"Qlobal Quraqlıq Rəsədxanası”nın yeni hesabatında deyilir ki, qitənin 47 faizi "xəbərdaredici” vəziyyətdədir, yəni bu ərazilərdə torpaq quruyub.

Digər 17 faiz ehtiyatlı vəziyyətdədir ki, bu da torpağın bitki örtüyündə "təzyiq əlamətlərinin görünməsi" deməkdir.

Hesabatda xəbərdarlıq edilir ki, bu quraqlıq dövrü, məhsul yığımı və meşə yanğınlarına mənfi təsir göstərəcək və bu vəziyyət Cənubi Avropanın bəzi yerlərində bir neçə ay davam edə bilər.

Son beş ilin orta göstəricisi ilə müqayisədə Aİ-də qarğıdalı məhsulunun 16%, soya paxlasının 15%, günəbaxan toxumunun 12% azalacağı gözlənilir.

"Quraqlıq Rəsədxanası" Avropa Komissiyasının tədqiqat bölməsinin bir hissəsidir. Qrupun hesabatına cavab olaraq komissiya xəbərdarlıq edib ki, ilkin məlumatlar "hazırkı quraqlığın hələ də ən azı 500 ilin ən pisi kimi göründüyünü” göstərir.

Qrupun tədqiqat komissarı Maria Qabriel davam edən istilik dalğası və su çatışmazlığının "Aİ-də suyun səviyyəsinə görünməmiş təzyiq yaratdığını" söylədi.

"Hazırda biz həmişəkindən daha pis yanğın mövsümünün və hava şəraitinin məhsul istehsalına güclü təsirinin şahidiyik. İqlim dəyişikliyi, şübhəsiz ki, hər il daha çox nəzərə çarpır”, - o əlavə edib.

M.Arif