Siyasət 15:20 16.06.2022

Avropa Zelenskini güzəştlərə məcbur edir – Politoloq

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi iyunda Kiyevə səfər edəcəklər. Səfərin bu gün baş tutacağı bildirilir. Onu da qeyd edək ki, bu səfər G7 və NATO sammitləri öncəsi baş tutacaq. Səfər ərəfəsi Avropanın Rusiyanın Ukrayna təcavüzünə qarşı münasibətində müəyyən qədər yumşalmalar hiss olunur. Fransa Prezidenti Makron Rusiya ilə kəskin dildə danışmağın əleyhinə olduğunu bildirib. Almaniya isə dəfələrlə Kiyevə ən ağır silahları göndərəcəyini bəyan etsə də, hələlik bu istiqamətdə hər hansı bir real addım atmayıb. Ümumiyyətlə, son dövrlər Ukrayna məsələsində Avropa ilə ABŞ arasında fikir ayrılıqlarının olduğu müşahidə edilir. Vaşinqton müharibənin davam etdirilməsində maraqlı olsa da, Avropa ölkələrinin əksəriyyəti sanki Kiyevi Rusiya ilə razılaşmaya, ən azından atəşkəsin elan olunmasına sürükləməyə çalışır.

Müharibənin uzanması Avropa ölkələrinin iqtisadiyaytına da ciddi təsir göstərməkdədir. Bu isə orta vadidə Avropada narazı elektoratın güclənməsinə gətirib çıxara bilər. Bu müstəvidə də gözlənilir ki, Makron, Solts və Draqinin Kiyevə səfərində əsas məqsəd onu Rusiyaya münasibətdə güzəştlərə vadar etməkdir. Güzəştlərə getmək üçün də Kiyevi ən azından bu mərhələdə atəşkəsə getməyə razı salmaq istəyirlər.

Ukrayna prezidenti üç liderin güzəşt təklifindən imtina etsə, Avropa Kiyevə silah verməyi dayandıra bilərmi?  Bu baş verərsə, silahsız Ukrayna ordusu Rusiya qarşısında tab gətirəcəkmi?

Məsələ barədə Qaynarinfo-ya danışan politoloq Elşən Mirzəğlu düşünür ki, Avropa liderlərilə görüşündən sonra, Zelenski ümumən güzəştlərə getməyə meylli olacaq:
 
"Avropa ilə ABŞ arasında Ukrayna münaqişəsinə münasibətdə müəyyən fərqlər yaranmaqdadır. Avropanın daha praqmatik siyasətçiləri anlayır ki, münaqişənin davam etməsi və Rusiyaya tətbiq edilən sanksiyalar tam mənada bu ölkənin iqtisadiyyatını çökdürmür. Onlar görür ki, Rusiya bu münaqişəni tam qələbəyə qədər, ən azından Kiyevdən ciddi güzəştlər qoparana qədər davam etdirəcək. Münaqişənin uzanması isə Avropanın enerji bazarında, buğda istehlakına ciddi təsir göstərəcək. Orta təbəqənin Avropa hakimiyyətlərindən narazılığı güclənməkdədir.  Transmili şirkətlər də zərərlə işləyir. Görünür, Avropada anlayırlar ki, mövcud sanksiyalar daha çox onun özünə ziyan vuracaq. Ona görə də Kiyevə gedən bu 3 ölkə lideri Zelenskiyə məhz Avropa Birliyinin mövqeyini nəzərə çatdıracaqlar. İtaliya, Macarıstan Ukraynaya silah göndərməkdən imtina edir. Yaxın perspektivdə Berlin də belə bir mövqe sərgiləyə bilər. Fransa da Rusiya ilə konfrantasiyaya getməkdən çəkinir. Bu mənada, həmin 3 ölkə lideri Zelenskini inandıra bilsə, Ukrayna prezidenti təbii ki, Moskvanın şərtlərilə danışıqlara getməlidir. Ukrayna daxilində də vəziyyət gərgindir. Ölkə daxili qaçqın və məcburi köçkünləri saysaq 13 milyondan çox ukraynalı evindən-eşiyindən olub. Ukraynaya 600 milyard dollardan çox ziyan dəyib. Belə vəziyyətdə, Kiyev özbaşına müharibəni davam etdirmək imkanında deyil”. 

Politoloq deyir ki, Zelenskinin güzəştlərə getməsi onun hakimiyyətinin gələcək taleyini sual altına qoyacaq:
 
"Çünki bu halda, Ukrayna xalqının Zelenskiyə olan etimadı tam sarsılacaq. Belə vəziyyətdə, Zelenski öz hakimiyyətinin təminatına nail olmaq fonunda güzəştlərə razılıq verə bilər. İstisna deyil ki, danışıqlarda Zelenski bu məsələni də şərt kimi irəli sürəcək”. 

E.Mirzəoğlu qeyd edir ki, Zelenski 3 ölkə liderinin təkliflərindən imtina edərək güzəştə getməyəcəyi təqdirdə Avropa ölkələrinin əksəriyyəti bundan sonra Ukraynanı silahlandırmaqdan birmənalı şəkildə imtina edəcək:
 
"Bu halda da, Ukraynanın Rusiya qarşısında tab gətirməyə gücü qalmayacaq”.

Rüfət Sultan