Dünya 13:07 08.12.2022

Avstriya Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasını bloklayır

Avstriya Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasına qarşı çıxıb.

Bu barədə Qaynarinfo "Austria Presse Agentur”a (APA) istinadən xəbər verir.

"Aİ-nin daxili işlər nazirləri cümə axşamı günü Şengen zonasının Bolqarıstan, Rumıniya və Xorvatiyanı da əhatə edəcək şəkildə genişləndirilməsi barədə qərar qəbul edəcəklər. Artıq Avropa Komissiyası bu qərara müsbət rəy verib. Digər tərəfdən, Avstriyanın fərqli baxış bucağı var və daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, o, Bolqarıstan və Rumıniya ilə bağlı qərara qarşı çıxacaq”, - xəbərdə deyilir.

Avstriyanın mənfi mövqeyinə səbəb kimi Karner ölkəyə qeyri-qanuni miqrasiyanın artımını - bu il "sığınacaq üçün 100 mindən çox müraciət" olduğunu göstərib.

Avstriyanın federal kansleri Karl Nehammer də çərşənbə axşamı Tiranada keçirilən "Qərbi Balkanlar” sammitində Avstriyanın Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasını rədd etdiyini təsdiqləyib. Nehammerin sözlərinə görə, bazar ertəsi Avropa Komissiyasının Qərbi Balkanlar üçün təqdim etdiyi "miqrasiya fəaliyyət planı” kifayət deyil.

ARA-nın məlumatına görə, Xorvatiyanın Şengen zonasına qoşulması baş tutmuş hesab edilir. Xorvatiyanın daxil olması ilə bağlı səsvermə cümə axşamı ayrıca keçiriləcək. Bundan sonra Rumıniya və Bolqarıstanın daxil olması ilə bağlı ayrıca qərar veriləcək.

Qeyd edək ki, Şengen zonasına 1985-ci ildə Şengen kəndində (Lüksemburq) imzalanmış eyniadlı müqaviləyə qoşulan 26 Avropa ölkəsi daxildir. Beynəlxalq səyahət baxımından Şengen zonası xarici sərhəddə - zonaya giriş və çıxışda sərhəd nəzarəti olan, lakin bu zonaya daxil olan ölkələrin daxili sərhədlərində sərhəd nəzarəti olmayan vahid dövlət kimi fəaliyyət göstərir.

Nizami Bağırov