İdman 12:20 17.06.2022

Ayxan Abbasov: "Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq”

"Turan Tovuz"un yeni baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə danışıb.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssis açıqlamasında perspektiv və gələcək planlar haqda danışıb.
 
41 yaşlı mütəxəssis təəssüratlarını bizimlə bölüşdü: "Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadır. Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdir.  Açığı rəhbərlik, işçi, məşqçi heyəti və əsası azarkeşlər tərəfindən belə qarşılanmaq məni qürurlandırdı.  9 ildən sonra Premyer Liqaya qayıtmaq hər birimizin arzusu idi. Premyer Liqaya rəng qatmaq istəyirik. Əlbətdə işlərimiz çoxdur. Tovuzun futbol ənənələri hər kəsə bəllidir. Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar. Birlik olmalıyıq. Həm rəhbərliyin həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm.  İnanıram ki,  tək əsas komanda deyil,  əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik”.

Ayxan Abbasov gələcəklər planlar haqda da məlumat verdi:
 
"İlk olaraq futbolçularla müqavilələr rəsmiləşməlidir. Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub və qısa müddətdə onlarla  müqavilə bağlayacağıq. İyunun  19-u  Bakıda təlim-məşqlərə start verəcəyik. İlk öncə yerli futbolçuları, akademiyanın üzvlərini baxışdan keçirəcəyik.  Ayın 27-dən isə hazırlığın əsas mərhələsinə başlayacağıq. Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq”.
 
Səbuhi Həsənov