Siyasət 14:29 09.06.2022

Azərbaycan Rusiyanın şərtini qəbul etməsəydi... - Siyasilər şərh edir

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 10 noyabr bəyannaməsini səhv hesab edənləri siyasi reallığı dəyərləndirə bilməyənlər adlandırıb. Diplomat bildirib ki, Ukraynada hərbi əməliyyatlar da sübut etdi ki, Bakı bu sazişi imzalamaqla düzgün addım atıb. Sabiq nazir onu da qeyd edib ki, Ukraynada savaş başlayandan sonra sosial şəbəkələrdə 10 noyabr sazişini səhv adlandıranlar yoxa çıxıb.

Təcrübəli diplomatın qeydləri belə bir sual doğurur: 10 noyabr sazişi olmasaydı, Rusiya Ukraynada olduğu kimi, Azərbaycana da hərbi müdaxilə edə bilərdimi? 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə düşünür ki, İlham Əliyev 10 noyabr bəyannaməsinə razılıq verməklə Azərbaycanı böyük müharibə bəlasından xilas edib:


 
"10 noyabr üçtərəfli bəyannaməsi imzalanmazdan əvvəl Putin artıq müharibənin dayandırılması ilə bağlı ultimatum vermişdi. Gümrü hərbi bazasından rus qoşunları çıxaraq, Qarabağa tərəf gəlirdi. Həmin kolonun önündə isə rus helikopteri uçurdu ki, onu da Azərbaycanla sərhəddə vurdular. Fikrimcə, bunu da Moskva müharibəyə bəhanə tapmaq üçün etmişdi. Ardınca, Gəncə və Şuşaya "İsgəndər” raketləri atıldı. Rus hərbi donanması da dənizin ortasında hərbi mövqe tutmuşdu. Oradan Bakını vurmaq çətin deyildi. Bunların hamısı məhz müharibə anonsu idi. Əgər Azərbaycan Rusiyanın şərtini qəbul etməsəydi, Bakı vurulacaqdı, Xəzərdə mövqe tutan rus hərbi gəmisi açıq xəbərdarlıq edirdi. Nəticədə 10 noyabr bəyannaməsi imzalandı. Onun imzalanması qaçılmaz idi. İlham Əliyev buna razılıq verməklə, Azərbaycanı böyük faciədən xilas etdi”.

Azərbaycanda rus sülhməramlılarının gəlişinə qarşı çıxanları Zərdüşt Əlizadə savadsız, siyasətdən başı çıxmayanlar adlandırdı: 

"Beynəlxalq siyasətdə əsas faktor gücdür. Rusiya dünyanı nüvə silahı ilə təhdid edərək, beynəlxalq hüquqa tüpürür, Ukraynanı viran edir, heç kəs onu dayandıra bilmir”. 

Müsavat Partiyasının başqanı Arif Hacılı isə fərqli düşünür. Partiya sdəri bildirir ki, 10 noyabr razılaşması Azərbaycanın mənafeyinə ağır zərbə vurub:



"Bu sazişlə Rusiya öz silahlı qüvvələrini Azərbaycana yeritmək şansı qazandı. Qarabağ Azərbaycan ərazisidir, orda rus qoşununun dayanmasına da ehtiyac yoxdur. Rəsmi dairələr deyirlər ki, Qarabağda hazırda cəmi 1960 rus sülhməramlısı var. Lakin hər kəsə məlumdur ki, sülhməramlı adı ilə yerləşdirilən qüvvələrin sayı daha çoxdur. Faktiki olaraq, Rusiya Yuxarı Qarabağ vasitəsilə Azərbaycana təsir etmək rıçaqı əldə edib. Bu baxımdan, hesab edirəm ki, 10 noyabr razılaşması Azərbaycanın mənafeyinə ağır zərbə vurub və vurmaqda davam edir”. 

Rüfət Sultan