Ölkə 10:26 19.07.2022

Azərbaycanda müəmmalı olay: Xəstəxanalıq olanların sayı 200-ü ötdü (YENİLƏNİB)

Şəkinin Yeni Çələbixan qəsəbəsində son iki gün ərzində 200-dən yuxarı sakin həkimə müraciət edib.

Bu barədə APA-nın şimal-qərb bürosuna Şəkinin Yeni Çələbixan qəsəbəsi həkimi Xatirə Əhmədova məlumat verib.

Həkimin sözlərinə görə, ötən gündən başlayaraq bu saata qədər qəsəbənin 200-dən yuxarı sakini qusma, mədə sancıları və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə müraciət ediblər.

"Müraciət edənlərin çox hissəsi uşaqlar və yeniyetmələrdi. Onların arasında ağırlaşma halları yoxdur. Müraciət edənlərə lazımi yardım göstərildikdən sonra evə buraxılıblar”, - o deyib.
 
10:26

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.

APA xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla, 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar. Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir. 
 
Faktla bağlı araşdırma aparılır.
 
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib və onlardan da 38 nəfəri uşaq olub: "Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar sonra ambulator müalicə üçün evə buraxılıblar”.