İdman 14:33 30.08.2022

Azərbaycandan çıxışına qadağa qoyulmuş futbolçunun borcunu bu klub ödəyəcək

"Kəpəz”in və "Neftçi”nin sabiq futbolçusu Dario Frederikonun Azərbaycandan çıxışına qadağa qoyulduğunu xəbər vermişdik. Bir neçə gün öncə futbolçuya sanksiyalar tətbiq edilməsi haqda məlumat üzə çıxdı. Belə ki, onun vergi borcunun yarandığı müəyyənləşib. Sözügedən iddianı isə Gəncədə yerləşən 12 saylı Ərazi Vergilər Baş İdarəsi qaldırıb. Nəticədə borca görə braziliyalı oyunçunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Futbolçunun borcu isə 3706 manat 58 qəpik təşkil edir. Bəs onun borcu niyə ödənilməyib? Ümumiyyətlə, borc nə vaxt yaranıb və hansı klub ödəməlidir? Bu məsələ ilə bağlı kiçik araşdırma apardıq.

Əvvəlcə 12 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əlaqə saxladıq. İdarədən Qaynarinfo-ya aşağıdakı şəkildə açıqlama verildi:

"Ona 2021-ci ilin yanvarında, 2020-ci il üçün gəlir vergisi borcu hesablanıb. Bir də 100 manatlıq sanksiya var. Bunun səbəbi də aktivlər barədə tələb olunan məlumatı verməməsidir. 2021-ci ildə 925 manatdan hesablama aparılıb. Bu da 2020-ci ildən qalan borcdur. Onun 2021-ci ildə fəaliyyəti olmayıbsa, hesabat verib borcu bağlamaq lazımdır. Olubsa, ödənilməlidir. Futbolçu haqda 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsində iddia qaldırılmasına gəlincə, bu fərq etmir. Azərbaycan Respublikasının ərazisində gəlir əldə edibsə, borc ödənilməlidir. Borcun "Kəpəz”in və ya "Neftçi” tərəfindən ödənilməli olmasına gəlincə, bu, artıq bizlik deyil. Vergi dövlət büdcəsinə ödənilir. Futbolçu oynadığı klubun rəhbərliyi ilə danışmalıdır. Fərq etməz, "Neftçi”də, "Kəpəz”də, yoxsa "Qarabağ”da oynayıb. O, əldə etdiyi gəlir üzrə vergisini ödəməlidir. Sadəcə, futbolçu Gəncədə qeydiyyatda olduğu üçün buranın vergilər idarəsində iddia qaldırılıb. Borcun ödənilməməsi halında, onun ölkədən çıxışına qadağa qoyulacaq. Məhkəməyə veriləcək. Müəyyən xarici ölkələrlə beynəlxalq sazişimiz var, oralarda da ona problemlər yarana bilər”.

"Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə də əlaqə saxladıq. O, baş mühasiblə durum haqda müzakirələr aparıldığını və futbolçunun "Kəpəz”də oynadığı dönəmdə heç bir borcu yaranmadığını söylədi:

"Baş mühasiblə vəziyyəti müzakirə etdik. Mənə bildirdilər ki, bununla bağlı araşdırma aparılıb. Həmin dövrdə "Kəpəz”lə bağlı heç bir vergi borcu yoxdur. Ümumiyyətlə, futbolçu "Kəpəz”də oynadığı dönəmdə onun heç bir vergi orqanına borcu yaranmayıb. Klubun nəinki heç bir adama, hansısa müəssisəyə, elə futbolçulara da borcu yoxdur”.

Təbii ki, "Neftçi” tərəfinin də fikrini öyrəndik. Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məsələnin tezliklə yoluna qoyulacağını bildirdi:

"Mühasibatlıqda bu məsələni araşdırdıq. Frederiko Azərbaycandan gedəndə onun VÖEN-i açıq qalıb. Belə olan halda hansısa məbləğ olmasa belə, hər il hesabat verilməlidir. Məsələn, gəlir yoxdursa, bu haqda məlumat təqdim olunmalıdır. Hesabatlar verilməyib deyə, cərimələr yığılıb. Üstünə də faizlər hesablanıb. Şirkət bununla bağlı Vergilər Nazirliyinə müraciət edəcək və problem aradan qaldırılacaq. Yaxın günlərdə məsələ yoluna qoyulacaq”.

"Sambaçı" 2017-2018-ci illərdə "Kəpəz"də, 2018-2020-ci illərdə müxtəlif vaxtlarda "Neftçi"də forma geyinib. Futbolçunun son klubu Tanzaniyada "Singida Yunayted" olub.

Səbuhi Həsənov