Siyasət 11:50 29.07.2022

Bakı-Tiflis-Ankara formatı reallığa çevrilir (ŞƏRH)

Gürcüstan XİN-in məlumatına görə, bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatını müzakirə ediblər. O, Gürcüstanın gələcəkdə də regionda sülhün təmin edilməsi istiqamətində müsbət rol oynayacağına ümid etdiyini vurğulayıb.

Gürcüstan və Türkiyə XİN başçıları iki ölkə arasında çoxtərəfli formatlarda, xüsusilə də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çərçivəsində əməkdaşlığın önəmini vurğulayıblar. Qeyd edək ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatı bir çox ölkələr üçün nümunəvidir. Bakı-Tiflis-Ceyhan, TAP, TANAP kimi dünya əhəmiyyətli layihələrin həyata keçməsi də məhz bu əməkdaşlıq formatının olmasının nəticəsidir. Bu gün Avropanın bir sıra ölkələri məzh belə bir əməkdaşlıq formatı sayəsində Azərbaycanın karbohidrogen ehtiyatlarından faydalanır. Bu 3 ölkə arasında nəqliyyat layihələri də uğurla realizə olunur. Digər tərəfdən, region dövlətləri arasında məhz  bu 3 ölkənin xalqları arasında daha isti, möhkəm dostluq münasibətləri formalaşıb.

Qeyd edək ki, region ölkələri arasında məhz Türkiyə, Gürcüstan və Azərbaycan arasında münasibətlərdə tam bir müsbət harmoniya hökm sürür. Regionun digər dövlətlərilə həmin ölkələr arasında bu və ya digər dərəcədə müəyyən problemlər, konfliktlər olsa da, Bakı, Ankara və Tiflis arasında əlaqələr hər zaman gərginlik yaradan atmosferdən uzaq olub.

Bu 3 ölkə arasında əlaqələr yalnız bərabər imkanlara, hər birinin inkişafına töhfə verməyə hesablanmış əlaqələr olub. Ankara- Bakı-Tiflis əməkdaşlıq formatının əhəmiyyətini Qaynarinfo-ya şərh edən politoloq Üzeyir Şəfiyev düşünür ki, belə bir format 3 ölkənin iqtisadi əməkdaşlığı istiqamətində çoxsaylı uğurlu addımlara töhfə verəcək:



"Regionun iqtisadi potensialını hərəkətə gətirmək, yeni loqistik dəyərləndirmə baxımından Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatı mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu format çox uğurludur. Hər 3 ölkənin bir-birilə münasibətləri olduqca pozitivdir. Həm Tiflislə Ankara, həm də Bakı ilə Tiflis arasında ikitərəfli və üçtərəfli qaydada çox faydalı əməkdaşlıq formatı mövcuddur. Regionun bu üç ölkəsinin iqtisadi faydalı əməkdaşlığı kontekstində belə bir formatın olması olduqca mühüm əhəmiyyətlidir. Ona görə də bu formatdan gözləntilər çoxdur. Həmin format çərçivəsində Türkiyə, Gürcüstan və Azərbaycan arasında münasibətlər bir qədər də daha da dərinləşmiş münasibətlər sisteminə çevrilə bilər”.

Həmsöhbətimz hesab edir ki, bu üçlük formatı regionda iqtisadi əməkdaşlıq fonunda ciddi diqqət mərkəzinə gələcək:

"Digər böyük güc mərkəzləri regionumuzda sabitliyin, əməkdaşlıq mühitinin olmasında maraqlıdır. Çünki indi dünya ərzaq qıtlığı, iqtisadi böhranla təhdid olunur. Bu baxımdan Türkiyə, Gürcüstan və Azərbaycan münasibətlərinin inkişafı digər ölkələrin də marağındadır. Belə br əməkdaşlıq formatı regionun digər ölkələri üçün də örnək hadisəyə çevrilə bilər. Bu formatdan digərlərinin götürə biləcəyi çoxsaylı faydalı nümunələr var. Belə bir format 3 ölkənin iqtisadi əməkdaşlığı istiqamətində çoxsaylı uğurlu addımlara töhfə verəcək”.

Rüfət Sultan