Ölkə 11:50 04.06.2022

Bakıda 3 nəfərin ölümünə görə tutulan iş adamı yenidən məhkəməyə verildi

2018-ci ildə propan qaz balonlarının partlamasından sonra 3 nəfərin ölümünə görə həbs edilən və lakin 2020-ci ilin iyun ayında əfv olunaraq azadlığa buraxılan "Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin direktoru Arif Haqverdiyev yenidən məhkəmə qarşısına çıxarılır.

Qaynarinfo-nun məlumatına görə, "Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən məhkəməyə verilib.

İyun ayının 6-da Vüsalə Baxışovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Arif Haqverdiyevin rəhbəri olduğu "Azərtransservis” ASC ilə bağlı vergi ödəmələri barədə mübahisələrə baxılacaq. 

Qeyd edək ki, 2018-ci ilin mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən "Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada üç nəfərin ölümü ilə nəticələnən propan qaz balonları partlayıb. Partlayış nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olan müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Çayxanada olan digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər. Natiq İbrahimov mayın 22-də xəstəxanada dünyasını dəyişib. 

Həmin vaxt Cinayət işi üzrə "Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulub.

Əhməd