Ekonomiks 18:06 02.02.2023

Banklardakı əmanətlərdən vergi niyə tutulur? (AÇIQLAMA)

"Banklarda pulu saxlanılan fiziki şəxslərə demək istəyirəm ki, vergi sizin banka qoyduğunuz əmanətdən deyil, əmanətin üstünə gələn faizdən tutulur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, vəkil Əkrəm Həsənov fiziki şəxslərin banklarda olan əmanətər üzrə gəlirlərdən vergi tutulması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Ekspert bunun tamamiylə düzgün olduğunu bildirib:
 
"Vətəndaş banklara əmanət qoyur. Bank vətəndaşın əmanətindən gəlir, faiz verir. Məsələn, banka 10 min manat qoymuşam, o da mənə həmin puldan 10% gəlir verir. Bu il ərzində hardasa 1000 manat edir. Mən gəlir götürürəmsə, ondan dövlətə vergi verməliyəm. Necə ki, vətəndaş alın təri ilə zəhmət çəkib işləyir və ondan dövlətə vergi verir.
 


Əmanətçi heç bir zəhmət çəkmir, bankda artıq olan pulunu saxlayır, bank da ona görə əlavə faiz ödəyir. Vergi həmin faizdən tutulur. Bank vətəndaşın banka qoyduğu pulun 20%-i kredit verir. Arada bank nə qazanır? 10%, vəssalam. Bank da həmin faizdən əməkdaşlarına əmək haqqı verir. Bankın vətəndaşa verdiyi 10% gəlirdən onlar da öz vergilərini verməlidir”. 

Əkrəm Həsənov hər kəsin gəlirindən vergi verməli olduğunu xatırladıb:
 
"Bəziləri bu məsələni düzgün izah etmir. Vətəndaş gedib əmək haqqı alır, onu banka qoyur, üstəlik də deyir ki, mən niyə vergi verməliyəm. Heç kəs başa düşmür ki, vergi əmanətdən deyil, onun üstünə gələn faizdən tutulur”. 

Bahar Rüstəmli