Siyasət 18:39 05.12.2022

“Belə getsə, rus sülhməramlılarının Qarabağda qalması mümkünsüz olacaq” (ŞƏRH)

AzTV-də yayımlanan "Həftə” proqramının məlumata görə, rus sülhməramlıları Ağdərə ətrafında Gülyataq kəndində qızıl yataqlarında hasil edilən xammalın çıxarılaraq "KamAZ” avtomobilləri ilə Laçın dəhlizi vasitəsilə İrəvana daşınmasına göz yumurlar.
 
Bildirilir ki, qanunsuz şəkildə Qarabağda çalışan iki şirkət ekoloji cinayətlə bağlı artıq beynəlxalq məhkəməyə verilib. Vurğulanır ki, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın təbii sərvətlərinin talanmasının və ekoloji terrorun qarşısını almaq üçün rəsmi Bakı artıq hərəkətə keçib. Belə ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də, "AzerGold" QSM-in təmsilçiləri rus sülhməramlılardan bölgədə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı araşdırma və monitorinq aparılması üçün şərait yaradılmasını tələb ediblər və bu barədə ilkin anlaşma əldə olunub. Yaxın vaxtlarda bu məsələnin araşdırılması ilə bağlı mütəxəssislərin fəaliyyətinin təmin edilməsi istiqamətində "yol xəritəsi" hazırlanacaq. 
 


Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib ki, bu addım Azərbaycanın əks tərəflərə təzyiqi artırdığının göstəricisidir:"İlk dəfədir ki, Azərbaycanın müvafiq nazirlikləri Prezidentin tapşırığını olduğu kimi icra edir.  Əslində, elə belə də olmalıdır. Ağdərənin Gülyanaq kəndindəki qızıl yataqları da  Azərbayan xalqının sərvətidir. Ölkə Konstitusiyasının 39-cu maddəsinə görə bütün  yeraltı sərvətlər Azərbaycan xalqına məxsusdur, hansısa Vardanyan və ya İsveçrədə yaşayan erməniyə məxsus deyil. Görünən odur ki, Azərbaycan dövləti  bütün istiqamətlərdə həm rus sülhməramlıları, həm də erməniləri dəstəkləyənlərə təzyiqi artırır. Digər tərəfdən, bu addımla Azərbaycan öz torpaqlarına sahib  çıxdığını hüquqi müstəviyə çtransfer edir, milli sərvətimizin xalqımıza məxsus olduğunu gündəmə gətirir. Bu addımla Azərbaycan ortaya yalnız iradəsni deyil,həm də gücünü qoyur. Ermənilərin arxasında duranlar məhz rus sülhməramlılardır. Onları da öz yerlərində otuzdururuq. Bununla göstəririk ki, yumruq yerindədir və maraqlarımızın təmini üçün lazım olan addımları atacağıq.  Azərbaycanın müvafiq qurumu tərəfindən sözügedən qızıl yatağında monitorinq aparılan zaman vətəndaşlarımıza qarşı hansısa bir təxribatın ola biləcəyi də inandırıcı deyil.  Çünki belə hal baş verərsə, rus sülhməramlılarının Qarabağda qalması mümkünsüz olacaq”. 

Rüfət Sultan