Ölkə 15:56 03.05.2022

Bələdiyyə sədri ilə fermer arasında torpaq davası (AÇIQLAMA)

Biləsuvar rayonunun Ağalıkənd kəndinin bələdiyyə sədri Ülfət Bağırov fermer Yaşar Əliyevin icarəsində olan torpaq sahəsini qanunsuz yolla onun əlindən almağa çalışır. 

Bu barədə Qaynarinfo-ya Yaşar Əliyevin özü bildirib. 

Yaşar Əliyev Ağalıkənd kəndinin sakinidir. Fermer təsərrüfatı ilə məşğul olur. Deyir ki, bələdiyyədən 99 illiyə 9 hektar torpaq sahəsi icarəyə götürüb: "2018-ci ildə dedilər ki, bəs torpaq sahəsi sənəddə göstərildiyindən artıqdır. Ona görə də həmin hissə geri verilməlidir. Lakin ölçəndən sonra məlum oldu ki, artıq torpaq sahəsi yoxdur”.

Yaşar Əliyevin sözlərinə görə, buna baxmayaraq, bələdiyyə sədri ondan xəbərsiz torpağın bir hissəsini Yusifəli adlı şəxsə satıb: "Mən bundan 2019-cu ildə xəbər tutdum. Yeri gəlmişkən, Yusifəli adlı həmin şəxs Ağalıkənd kəndinin sakini deyil. Bu bir yana, bələdiyyənin balansında olan torpaq hərrac vasitəsilə satıla bilər. Amma bunlar hərrac-filan keçirməyiblər. Köhnə tarixlə alqı-satqı müqaviləsi imzalayıblar. Mən bunda reyestr xidmətindən qeydiyyatdan keçmək istəyərkən xəbər tutmuşam”.

Fermer bildirib ki, satılan ərazi 2 hektar 80 sot olub. Yaşar Əliyev bununla bağlı bələdiyyə sədrinə iradını bildirdikdən sonra alqı-satqı müqaviləsi ləğv edilib: "Elə özləri iclas keçirib, o adamın da yerinə imza atıb, alqı-satqını ləğv elədilər”.

Lakin bununla da problem bitməyib. Bələdiyyə sədri Yaşar Əliyevə bildirib ki, həmin torpaq sahəsinə görə Yusifəli adlı şəxsdən 3300 manat pul alınıb və həmin məbləğ geri qaytarılmalıdır: "Mənə dedilər ki, bu məbləği versən. torpaq sənin olacaq. Onsuz da həmin ərazini icarəyə götürdüyüm və icarə haqqını da vaxtında ödədiyim üçün bu pulu verməyə razı olmadım. Bundan sonra torpağı Rəhman Əliyev adlı şəxsə satıblar”.

Yaşar Əliyev növbəti dəfə Ülfət Bağırovla bu barədə danışdıqda bələdiyyə sədri onu hədələyib: "Mənə dedi ki, ümumiyyətlə, icarəndə olan bütün torpaq sahəsini əlindən alarıq. Bələdiyyə sədrinin qanunsuzluğu ilə bağlı müvafiq qurumlara şikayət etməyə başlayanda məni məhkəməyə verdilər. İddia qaldırdılar ki, guya torpağın icarə haqqını ödəmirəm. Halbuki mən Əmlak Komitəsinə gedəndə icarə haqqını ödəməyim barədə arayış veriblər. Məhkəmədə iddia etdilər ki, guya arayış saxtadır. Hakim bildirdi ki, ekspertiza keçirilsin. Onların nəzərinə çatdırdı ki, sənəd saxta olacağı təqdirdə, prokuroluğa müraciət etməli olacaq. Bundan sonra dedilər ki, bəs arayş saxta deyil. Bütün faktların xeyrimə olmasına baxmayaraq, məhkəmə onların xeyrinə qərar çıxardı”.

Yaşar Əliyev məhkəmənin qərarından apellyasiya şikayəti verib. Proses hələ baş tutmayıb: "Apellyasiya şikayəti verməklə kifayətlənməyəcəyəm. Bələdiyyə sədrinin qanunsuzğulu ilə bağlı müvafiq qurumlara şikayətlərimi davam etdirəcəm. Eyni zamanda onun korrupsiya əməlləri barədə faktları da müvafiq qurumlara təqdim edəcəm. Onu da qeyd edim ki, bələdiyyə sədri və onun yaxın ətrafı geri çəkilmədiyimi görüb mənə müxtəlif yollarla təzyiq etməyə çalışırlar”.

Ağalıkənd kəndinin bələdiyyə sədri Ülfət Bağırov isə Qaynarinfo-ya açıqlamasında Yaşar Əliyevin ittihamlarının əsassız olduğunu bildirib: "Doğrudur, o, bələdiyyədən 9 hektar torpaq sahəsi icarəyə götürüb. Lakin icarə haqqını ödəməyib. Biz də məhkəməyə müraciət etmişik və torpaq geri alınaraq bələdiyyə qaytarılıb”.

Bələdiyyə sədri Yaşar Əliyevə Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunması üçün icarə haqqının vaxtlı-vaxtında ödənilməsi barədə verilən arayışa da aydınlıq gətirib: "Həmin arayış veriləndə mən məzuniyyətdə olmuşam. Orada adlar qələmlə yazılıb. Xətt çəkilməyib ki, icarə haqqını ödəməyib. Biz onu portaldan çıxardıq ki, ödəməyib”. 

Ülfət Bağırovla söhbət zamanı məlum olub ki, bələdiyyə sədri Yaşar Əliyevi ayrıca xüsusi ittiham qaydasında məhkəməyə verib: "Mənim şərəf və ləyaqətimi alçaldan açıqlamalar verib. Ona görə də məhkəməyə vermişəm. Onun iddialarının hamısı əsassızdır”.

Bundan sonra Qaynarinfo-nun əməkdaşı yenidən Yaşar Əliyevlə əlaqə saxlayıb. Fermer bələdiyyə sədrinin icarə haqqı barədə dediklərinin həqiqəti əks etdirmədiyini bildirib: "Həmin arayış hazırda məndədir. Məhkəmə də bu arayışın həqiqi olduğunu təsdiq edib. Bu məhkəmə qərarında da əks olunub. Yeri gəlmişkən, Ülfət Bağırovun əmisi oğlu Zakir Bağırov yazmışdı ki, məhkəmə qərarı ilə Yaşarın qulağı kəsildi. Baxın, bu adamlar məhkəmə barədə necə danışırlar. 

Mənim əlimdə bu adamların qanunsuz əməlləri barədə sənədlər var. Həmin sənədlər müvafiq qurumlara göndərilib. Bələdiyyənin 3 işçisi var. Ülfət Bağırov, hansı işlə məşğul olduğu bilinməyən Əliyev Füzuli Musaxan oğlu və bələdiyyə sədrinin qeyri-rəsmi mühasib işini aparan əmisi oğlu Zakir Bağırov. Bu üçlük kəndin bütün torpaqlarını şəxsi mülkiyyəti hesab edir”.

Yaşar Əliyev bildirib ki, bələdiyyə sədrinin tək qurbanı o deyil: "Nəsirov Nurlan Əfqan oğluna bağ təyinatlı sahəni saxta sənədlərlə əkin yeri kimi satıblar. Sonra aralarında pula görə mübahsiə yarandığına görə həmin sahəni onun əlindən alıblar. Polisə şikayət ediblər ki, guya Nurlan Nəsirov bağ təyinatlı sahədə ağacları kəsir. Halbuki bu ərazi Nurlana veriləndə o, buranın bağ sahəsi olduğunu bildirib. Ona deyiblər ki, narahat olma, ağacları buradan çıxaracağıq. Amma sonra Nurlan Nəsirovu şərlədilər ki, guya ağacları o çıxarıb. Bu adamlar məni hədələyirlər. Ona görə də təhlükəsizliyimlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm”.

Seyid