Dünya 12:08 22.06.2022

BMT: İranda repressiya və edamların güclənməsi narahatlıq doğurur

Edamların sayının artması ilə bağlı narahatlığını ifadə etməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatı iqtisadi bərabərsizliklərin artması, geniş repressiyalar, qadınların, işçilərin, həmkarlar ittifaqı və vətəndaş cəmiyyəti fəallarının hüquqlarının pozulması barədə xəbərdarlıq edib.

Qaynarinfo bu barədə "Dw"nin fars bölməsinə istinasən xəbər verir.

BMT-nin baş katibi BMT-nin 50-ci İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda İranda insan haqlarının geniş şəkildə pozulduğunu və üç ay ərzində 105 nəfərin edam edildiyini açıqlayıb.

Hesabatda edam edilənlərin əksəriyyətinin azlıq qruplarından olduğu və məhkumların daha çox təhlükəsizlik, "korrupsiya yaymaq” və narkotik ittihamı ilə cəzalandırıldığı qeyd edilir.

Cenevrədə hesabatı oxuyan Antonio Quterreşin insan haqları üzrə direktor müavini Nada əl-Naşif deyib: "İranda 85-dən çox azyaşlı məhkum ölüm hökmü altındadır”.

 Qeyd edilir ki, Amnesty International-ın son hesabatına görə, İran edamların sayına görə Çindən sonra ikinci yerdədir. Təşkilat bildirir ki, İslam Respublikası 2021-ci ildə 314 nəfəri edam edib ki, bu da 2017-ci ildən bəri ən yüksək rəqəmdir.

Xanım Nəşif BMT-nin İnsan Haqları Şurasına deyib: "İran həbs mərkəzlərində zorakılıq və ya işgəncə nəticəsində və ya vaxtında tibbi yardımın olmaması səbəbindən ölənlərin sayı ciddi narahatlıq doğurur”.

BMT baş katibinin illik hesabatında İranın siyasi, sosial, iqtisadi və ekoloji problemlərlə üzləşdiyi, inflyasiya və işsizliyin bərabərsizliyi daha da artırdığı barədə xəbərdarlıq edilib. Qanun layihəsində vurğulanır ki, abortların qadağan edilməsi və kontraseptiv vasitələrdən istifadənin məhdudlaşdırılması vətəndaşların "cinsi və reproduktiv sağlamlıq” hüquqlarını inkar edir.

Aydın