İdman 11:30 29.09.2022

Braziliya millisinin futbolçusu irqçi hücumlara məruz qaldı

Braziliya millisinin futbolçusu Riçarlison irqçi hücumlara məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu, Braziliyanın Fransada keçirilən Tunislə yoldaşlıq matçında baş verib. "Parc des Princes" stadionunda keçirilən qarşılaşmada Riçarlison komandasının ikinci qolunu vurandan sonra tribunalardan ona tərəf banan atılıb. 

Oyundan sonra futbolçu tvitter hesabı vasitəsilə yaşananlarla bağlı "Boş və hər zaman deyilən sözlərə reaksiya verdikcə və həqiqi cəza olmadıqca bu hadisələr hər gün və hər yerdə davam edəcək" - sözlərini yazıb.

Hücumçuya dəstəyini nümayiş etdirən Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges də tvitter hesabında baş verənləri kəskin şəkildə qınayıb.

Görüş Braziliya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov