Ölkə 11:08 08.07.2022

Bu şəxslər Laçın və Kəlbəcərə buraxılmayacaq - Deputat açıqladı

Sosial şəbəkələrdə Laçına və Kəlbəcərə getmək üçün qaydaların qoyulduğu ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu rayonlara getmək üçün mütləq təsərrüfatın olmalıdır. Qoyulan qaydalara görə, 50 pətək arı, 200 baş qoyun, 10 baş iri buynuzlu heyvanı olan adamlar portaldan keçə bilər.

Milli Məclisin deputatı Razi Nurullayev Qaynarinfo-ya açıqlamasında belə bir qaydanın olduğunu qeyd edib:

"Məsələ burasındadır ki, bu qaydalar Kəlbəcər və Laçınla bağlı qoyulub. Hər iki rayona adamlar buraxılmır. Yəni, həmin rayonlara avtobuslar da işləmir, vətəndaşların girməsi qadağandır. Yaylaqlar minalardan təmizlənib. Qaydalar qoyulub ki, ancaq arıçılıq, qoyunçuluq və heyvandarlıqla məşğul olan insanlar buraxılır. Konkret olararaq qayda var ki, vətəndaşın 200-dən az qoyunu, 10-dan yuxarı iri buynuzlu mal-qarası və nə qədərsə arı pətəyi olmalıdır. Buna uyğun gələn adamları həm Laçına, həm də Kəlbəcərə buraxırlar”.

Razi Nurullayev bu yanaşmanın nə qədər ədalətli və ya ədalətsiz olub-olmadığı haqqında bir fikir söyləyə bilmədiyini deyir:

"Yəqin orada ərazilərin bölüşdürülməsi olub. Nə qədər yerin minalardan təmizlənməsi yəqin məlumdur. Ona görə həmin adamları portalda qeydiyyatdan keçirirlər. Bundan sonra həmin insanlar nəzarətdə saxlanılır. Əgər hər istəyən ora getsə, onda onları nəzarətdə saxlamaq olmaz. Mənə elə gəlir ki, qaydalar təhlükəsizlik məsələləri ilə bağlıdır”.

Bahar Rüstəmli