Dünya 21:03 26.06.2022

COVID-dən öldü, il yarım sonra saxlanıldı: 14 milyon dollar, 45 ton narkotik... (VİDEO)

2020-ci ilin avqustunda COVID-19-dan öldüyü iddia edilən braziliyalı narkobaron Serxio Roberto de Karvalyu bir il yarım sonra Macarıstanda saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vice” məlumat yayıb.
Mayor Karvalyo ləqəbi ilə tanınan iri beynəlxalq narkotik alverçisi bu yaxınlara qədər Meksika vətəndaşı Gilyermo Flores Diasın adı altında dəbdəbəli villada yaşayıb. O, Macarıstan və Portuqaliya polisinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

2020-ci ilin avqustunda Karvalyu İspaniyada həbs edilib. O, Pol Vouter adına saxta pasport olmasına baxmayaraq, müəyyən edilib. Həmin şəxsdən böyük partiya kokain götürülüb. Cinayətkar həbsxanadan zaminə buraxılıb və sonra onun COVID-19-dan öldüyü bildirilib. Narkotik alverçisinin 29 avqust 2020-ci il tarixli ölüm şəhadətnaməsi qanqsterin vəkili tərəfindən səlahiyyətlilərə təqdim edilib. Sənəddə narkobaronun cəsədinin yandırıldığı bildirilir.

Karvalyunun yalançı ölümündən sonra o, əvvəlcədən hazırlanmış üçüncü şəxsin adından istifadə etməyə başlayıb və meksikalı adı altında yaşayıb. İspaniya hakimiyyəti cinayətkarın ölümünə inanmayıb və 2020-ci ilin noyabrında onun Lissabona qədər hərəkətini izləyə biliblər. Orada polis içində 14 milyon dollar nağd pul olan furqon tapıb, görünür, bu, başqa bir qanunsuz əməliyyatdan əldə edilən gəlirdir. Lissabonda narkotik alverçisinin izi qırılır.

Lakin 2022-ci il iyunun sonunda Portuqaliya hüquq-mühafizə orqanları Karvalyunun hansı adın altında gizləndiyini və onun yaşayış yerini öyrənə bilib. Həmin şəxs saxlanılıb. O, 2017-2021-ci illərdə Braziliyadan Hollandiya, Belçika, İspaniya və Portuqaliyaya qaçaqmalçılıq yolu ilə 45 tona yaxın narkotik vasitə keçirməkdə ittiham olunur. Cinayətkarın Cənubi Amerikadan Avropaya təşkil etdiyi narkotik təchizatı şəbəkəsi fevral ayında İspaniya və Braziliya polisinin birgə səyləri ilə məhv edilib.


Nizami Bağırov