Dünya 18:29 05.10.2022

Duma Müdafiə Nazirliyini müharibədəki vəziyyətlə bağlı yalan danışmaqda ittiham etdi

Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Müdafiə Nazirliyini Ukraynadakı müharibənin gedişi ilə bağlı "yalan danışmağı dayandırmağa” çağırıb. Onun fikrincə, həqiqəti gizlətmək etibarın itirilməsinə səbəb olacaq.

"Cəbhədəki vəziyyətlə bağlı yalan danışmağı dayandırmalıyıq. İndi düşmən bizim torpağımızdadır. Belqorod vilayətinin bütün sərhəd kəndləri praktiki olaraq məhv edilib. Biz bunu hər kəsdən - qubernatorlardan və hərbi müxbirlərdən öyrənirik. Amma Müdafiə Nazirliyinin hesabatları dəyişmir. Xalq bilir. Bizim xalq axmaq deyil. Və görür ki, ona həqiqətin bir hissəsini belə demək istəmirlər. Bu, etibarın itirilməsinə səbəb ola bilər ", - 2018-2021-ci illərdə Rusiya Federasiyası Müdafiə nazirinin müavini vəzifəsində çalışmış general-polkovnik Kartapolov "Solovyev.Canlı" efirində bildirib.

Deputat daha əvvəl Rusiyanın Ukrayna ilə "demək olar ki, hər gün atəşə məruz qalan” həmsərhəd bölgələrində hərbi vəziyyətin tətbiq oluna biləcəyini bildirmişdi.
Politoloq Stanislav Belkovskinin fikrincə, Kartapolov Müdafiə Nazirliyini tənqid etməklə ictimaiyyəti Nazirlikdə və Silahlı Qüvvələrinin Baş Qərargahında kadr dəyişikliyinə hazırlayır. Politoloq hesab edir ki, məhz bu məqsədlə Kursk vilayətinin qubernatoru Roman Starovoyt ordunu hərbi hissələrin vəziyyətinə, çağırışçılar üçün texnikanın olmamasına görə tənqid edir.

"Hazırda səfərbərliyə cəlc olunanların olduğu bütün hərbi hissələrdə oldum. Bəzi yerdə normal, amma bəzi yerlərdə sadəcə dəhşətli vəziyyətdir. Mən təəccüblənirəm ki, Müdafiə Nazirliyinin fəaliyyətdə olan təlim bölməsi necə vəziyyətdə ola bilər. Dağılmış yeməkxana, sınıq və paslı duşlar, çarpayılar yoxdur və olanlar da pis vəziyyətdə. Forma qıtlığı var, plas bomba partlayışından sonrakı kimidir”, - qubernator Telegram kanalında yazıb.

Bundan əvvəl Çeçenistanın prezidenti Ramzan Kadırov və Vaqner özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin Mərkəzi Hərbi Dairənin komandiri general-polkovnik Aleksandr Lapini sərt tənqid edib. Rusiyaya birləşmə ilə bağlı "referendum”un nəticələri elan edildikdən sonra rusların itirdiyi Liman şəhərinin müdafiəsinə məsul şəxs məhz Lapin olub. ABŞ-ın Müharibə Tədqiqi İnstitutu (ISW) və Britaniya kəşfiyyatı da bu təzyiqdən yaxın gələcəkdə yüksək hərbi komandanlığı dəyişdirmək üçün istifadə oluna biləcəyini qeyd edib. 

Nizami Bağırov