Ölkə 08:55 13.10.2022

Şəhid mayorun anası vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi, mayor Natiq İsmayılovun anası Tamara İsmayılova vəfat edib.

Qaynarinfo xəbər verir ki, Natiq İsmayılovun anası Qəbələnin Bunud kəndində dünyasını dəyişib.

Tamara İsmayılova uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
 


Qeyd edək ki, Natiq İsmayılov 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə və Hərbi Akademiyada təhsil alıb. Ali təhsilini bitirdikdən sonra Naxçıvanda, Qusarda və Murovdağda yerləşən "N" saylı hərbi hissələrdə xidmətini davam edib. 2016-cı ildə baş verən Aprel döyüşlərinə qatılan Natıq İsmayılov 2020-ci ildə ehtiyata buraxılıb. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə səfərbərlik çağırışına qoşularaq savaşıb. 2020-ci ilin 17 oktyabrında Füzuli rayonu istiqamətində şəhid olub. 

Natıq İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Natıq İsmayılovun dörd övladı yadigar qalıb.