Siyasət 18:27 17.09.2022

Ərdoğandan Ermənistana çağırış: "Bunun mənası yoxdur"

"Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin sualları cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir: "Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan başladığı əməliyyatı başa çatdırdığını bildirir. İndi əməliyyatı bitib və yenidən hərəkətə keçirməyin mənası yoxdur. Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək, mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edir. Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir".