Siyasət 16:35 16.09.2022

Ərdoğanla Əsəd barışacaqmı? (ŞƏRH)

"Reuters” agentliyinin məlumatına görə, Rusiya Suriyadan hərbi kontingentini çıxarmaq üçün Türkiyə ilə danışıqlara başlayıb və Suriya lideri Bəşər Əsədlə münasibətləri normallaşdırmasını istəyib. Türkiyə xüsusi xidmət orqanlarındakı mənbə danışıqlar faktını təsdiqləyib. Mənbə bildirib ki, Rusiya bəzi hərbi birləşmələri Ukraynaya keçirmək üçün tədricən Suriyadan çıxarır. 2018-ci ildə 63 min nəfərdən ibarət olan qruplaşmanın geri çəkilməsi prosesi may ayından başlayıb. Rusiya aviabazaları tərk edərək, onları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın "Hizbullah” təşkilatına təhvil verib. Avqust ayında Rusiya S-300 batareyasını Suriyadan çıxararaq "Sparta II” gəmisi ilə Novorossiyskə yerləşdirib.

"Reuters”in məlumatına görə, danışıqlarda irəliləyiş əldə olunub. Tezliklə Suriya və Türkiyə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi mümkündür. Əslində, Rusiyanın öz qoşunlarını Suriyadan çıxarması gözləniləndir. Ukraynada mövcud qüvvələrlə ciddi bir şey əldə edə bilməyən rus ordusu ən azından düşünür ki, Suriyada müəyyən təcrübəyə malik kontingentlə nəyəsə nail ola bilər. Əvəzində Kreml çalışır ki, Rəcəb Tayyib Ərdoğanla Əsədi barışdırsın. Hətta bir ara söhbət yayılmışdı ki, Putin Ərdoğanla Əsədi Səmərqənddə baş tutan Şanxay Əməkdaşlıq Təşkilatınının (ŞƏT) toplantısına barışdırmaq üçün dəvət edib. Lakin göründüyü kimi, Ərdoğan həmin toplantıya gəlsə də, Əsəd iştirak etməyib.
 
Amma hər halda Kremlin bu istiqamətdə çalışdığı göz önündədir. Moskva bir-birilə düşmən olan öz dostlarını barışdırmaq yolunu tutub ki, bununla da öz mövqeyini gücləndirmək istəyir. Onu da qeyd edək ki, seçki ili yaxınlaşdıqca Ərdoğan bu günə qədər müəyyən gərginlik yaşadığı qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq kursu seçib. Bunun nəticəsi olaraq Türkiyənin Misir, xüsusən də İsraillə münasibətləri yenidən normal məcraya daxil olub. Bütün hallarda indiki vəziyyətdə Ərdoğanla Əsədin yaxınlaşması məsələsində daha çox ikincinin maraqlı olduğu hiss olunur. Belə ki, Əsəd, eləcə də Putin dərk edir ki, güc yolu ilə Türkiyəni Suriyanın şimal bölgəsindən çıxara bilməyəcək.
 

 
Buna görə də onlar bunu diplomatik yolla həyata keçirməyi düşünürlər. Sözsüz ki, Ərdoğan Əsədlə barışacağı təqdirdə, bir müddətdən sonra nəzarət etdiyi Suriya ərazilərini Dəməşqə qaytarmalı olacaq. Bu isə Əsədin mövqeyinin bir qədər də möhkəmlənməsinə səbəb olacaq. Digər tərəfdən, Kreml dost ölkə hesab etdiyi Türkiyə ilə Suriyanı barışdıraraq ziddiyyətləri aradan qaldırmaqla öz imicini yaxşılaşdırmaq məqsədi daşıyır. 

Ərdoğan da yuxarıda qeyd etdiyimiz kimi, seçkilər ərəfəsi qonşularla "sıfır problem” müstəvisindən çıxış etməklə reytinq qazanmağa çalışır. Bu mənada əvvəl-axır Kremlin Əsədlə Ərdoğanı bir araya gətirəcəyi gözləniləndir. Amma barışıq prosesi ABŞ-ın Suriya məsələsində Türkiyəyə dəstək verməsi fonunda baş tutmaya da bilər. Belə ki, Vaşinqton üçün Suriyanın şimal-şərqinin Əsədlə Putinin nəzarəti altında olmasındansa, Ankaranın nəzarətində olması daha məqbuldur. Çünki həmin ərazilərin Əsədin diktəsi altına keçməsi orada Rusiya və ya İranın güclənməsi demək olacaq ki, bu isə heç bir halda Ağ Evi qane edə bilməz. Ona görə də iki pisdən ən az pis olanı seçmək qarşısında qalan ABŞ bütün gücülə çalışacaq ki, Ərdoğan Əsədə barışmasın. Ərdoğan isə mövcud vəziyyətdə çalışacaq ki, seçkilərə qədər bu oyunu bitirsin. 

Rüfət Sultan