Siyasət 16:17 23.09.2022

Əroğan - Paşinyan görüşü baş tutacaqmı? (ŞƏRH)

Rəsmi İrəvan baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilməsini istisna etmir. Bu barədə Ermənistan xarici işlər nazirliyinin sözçüsü Vaan Hunanyan məlumat yayıb.bildirib.

"Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Lakin hazırda belə bir görüş hələ ki, təsdiqlənməyib”, deyə Hunanyan bildirib.

Qeyd edək ki, anoloji açıqlama ilə Ərdoğan da çıxış edib. O, Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib ki, Avropa Siyasi Birliyinin oktyabrın 6-da Praqada keçiriləcək iclasında Türkiyə və Ermənistan liderlərinin görüşü mümkündür.

"Çexiyaya səfər etmək qərarına gəlsək, o zaman Ermənistanın baş naziri Nikol Paşinyan da orada olacaq. Erməni tərəfi bundan əvvəl də bu  platformada mümkün görüş barədə danışıb. Ola bilsin, bizim orada bütün bəzi məsələləri müzakirə etmək imkanımız olacaq. Təbii ki, bizim Qafqazda da müəyyən təşəbbüslərimiz olacaq. Hazırda o, hələ planlaşdırma mərhələsindədir. Mən bu məsələləri qardaşım İlham Əliyevlə müzakirə edəcəyəm və bundan asılı olaraq addımlar atacağıq”, deyə Ərdoğan bildirib. 

Beləliklə, hər iki tərəfdən verilən bu açıqlamalar Ərdoğanla Paşinyan arasında gələn ayın əvvəlində Praqada görüşün ola biləcəyi ehtimalını artırır. 

Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirib ki, İrəvan konstruktiv mövqe sərgiləyərsə, Praqada Paşinyanla Ərdoğanın görüşünün baş tutacağı istisna deyil:

"Türkiyə bölgədə 3+3 formatında əməkdaşlığı dəstəkləyir. Ankara Ermənistanla münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün müxtəlif təkliflər paketilə çıxış edib. Ankara Ermənsitandan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsini, 10 noyabr bəyannaməsinin şərtlərinin, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri ardıcıllıqla yerinə yetirməsini tələb edir. Habelə, Azərbaycanla münasibətlərdə delimitasiya məsələsi nəhayət öz həllini tapmalıdır. Çünki bu məsələlər həll olunmadan yekun sülh müqaviləsinin bağlanması mümkün deyil. Bunsuz isə regionda uzun müddətli sabitlik də olmayacaq. Son zamanlar Türkiyə regionda və müxtəlif dövlətlər arasında münaqişələrin aradan qaldırılması üçün vasitəçilik missiyasını gücləndirib. Bu özünü xüsusən də Rusiya ilə Ukrayna məsələsində göstərir. Onu da nəzərə alaq ki, Ərdoğan aktiv və xarizmatik siyasətçidir. O, 2023-cü ilin seçkiləri ərəfəsində özünə siyasi divident qazanmaq istəyir. Ermənistanla münasibətlərdə, o cümlədən Bakı ilə İrəvan arasındakı problemlərin həllində Türkiyənin səyləri gələcək prezident seçkilərində Ərdoğana siyasi divident gətirə bilər. Düşünürəm ki, İrəvan konstruktiv mövqe sərgiləyərsə, Praqada Paşinyanla Ərdoğanın görüşünün baş tuta bilər”. 

Rüfət Sultan