Ölkə 12:03 25.11.2022

FHN ləğv edilə, səlahiyyətləri DİN-ə verilə bilərmi? - Struktur islahatları ilə bağlı təklif

Ermənistan hökuməti cümə axşamı keçirilən iclasında Fövqəladə Hallar Nazirliyinin ləğvi və Daxili İşlər Nazirliyinin yaradılması layihəsini qəbul edib. 
 
Erməni KİV-nin yazdığına görə, bundan sonra DİN üç strukturdan ibarət olacaq: polis, xilasetmə və miqrasiya xidmətləri. FHN-nin ləğvi prosesi dörd ay çəkəcək. 

Azərbaycanda da Fövqəladə Hallar Nazirliyi (FHN) barədə anolojji addımın atılması mümkündürmü? 
 
Hüquqşünas Ələsgər Əhmədoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda da FHN ləğv olunmalı, səlahiyyətləri DİN və bələdiyyələr arasında bölüşdürülməlidir:
 


"Mahiyyət etibarı ilə bir çox ölkələrdə fövqəladə hallarla bağlı məsələləri əslində DİN-in strukturu kimi formalaşan qurumlar həyata keçirir. Yaxud da onun səlahiyyətinin bəzi hissələri bələdiyyələrə verilir. Türkiyədə yanğınsöndürmə məsələsi əsasən bələdiyyələrin səlahiyyətindədir. Amma hansısa bölgədə epidemiya və ya digər fövqəladə hadisə baş verərsə, bu zaman təhlükəsizlik tədbirlərini DİN həyata keçirir. 

Azərbaycanda "Fövqəladə Hallar Haqqında” Qanunvericilikdə DİN-ə də rol ayrılıb. Ölkənin hər hansı bir hissəsində fövqəladə hal elan olunursa, orada təhlükəsizlik tədbirlərini polis icra edir. Ölkəmizdə nazirlik, komitə və mərkəzi icra orqanlarının sayı həddən artıq çoxdur. Bu qurumlar bəzən fərdlərə görə formalaşır və ya birləşirlər. Azərbaycanda da FHN əsasən fərdi kontekstdə formalaşıb. Ölkədə idarəetmə sahəsində islahat zəruridir. FHN-nin əsas  səlahiyyətləri DİN-ə verilməlidir. Qurumun bəzi səlahiyyəti, özəlliklə yanğınsöndürmə fəaliyyəti müvəqqəti olaraq yerli icra hakimiyyətinə, daha sonra isə bələdiyyələrə verilməlidir”. 

Rüfət Sultan