İdman 00:57 06.08.2022

Gəncəli futbol veteranından “Kəpəz”lə bağlı ağır ittiahamlar: “Relsləri oğurlayıb satanlar...” (MÜSAHİBƏ)

Təbii ki, "Kəpəz”in Premyer Liqaya yüksəlməsi həm futbol, həm də gəncəli azarkeşlər adına sevindirici oldu. Amma Gəncə klubu ölkənin əsas çempionatına problemlərlə çıxdı. Klubun büdcəsi hələ təsdiqlənməyib. Bu azmış kimi stadion qəzalı vəziyyətdə olduğundan əsas komandanın doğma şəhərdə oynamasına icazə verilmədi. Nəticədə Yaşar Vahabzadənin baş məşqçisi olduğu komanda uzun illərdən sonra yüksəldiyi Premyer Liqadakı ilk rəsmi matçını Gəncədən çox uzaqlarda keçirmək məcburiyyətində qaldı və qonaq kimi getdiyi Bakıda, bir qədər də dəqiqləşdirsək, Mərdəkandakı "Dalğa Arena”da "Zirə”yə 1:2 hesabı ilə məğlub oldu. Bunun "Kəpəz” azarkeşlərinin xoşuna gəlmədiyi aydındır. Bir də gəncəli veteranlar var ki, vaxtilə şərəfini qoruduğu "Sarı-göylər”in durumundan, rəhbərliyindən və baş məşqçisindən kəskin şəkildə narazıdırlar. Həmin veteran futbolçulardan biri də Firuz Qulamidir. 

Qulami Qaynarinfo-ya müsahibəsində, əslində, nələrin baş verdiyini ictimaiyyətə çatdırıb:

- "Kəpəz”in Premyer Liqaya qayıdışı sevindirici olsa da, gəncəli azarkeşlər komandanı doğma meydanda görməyəcək. Sizcə bu, Gəncə futbolu üçün nə deməkdir?

- Mən Gəncə Futbol Veteranları Birliyinin sədr müaviniyəm. İyunun 14-də sosial şəbəkə paylaşım da etmişdik. Bu, planlı şəkildə oldu. "Kəpəz”in oyunlarının Şəmkirdə keçirilməsinə imkan var idi. Hansı ki, orada Olimpiya Kompleksi, stadionun tribunaları var. Şahin Diniyevin vaxtında "Kəpəz” bir neçə oyunu məhz orada keçirmişdi. Sadəcə, meydançanın otuna 10-15 gün su verib, sonra da biçib səliqəyə salmaq lazım idi. Klub rəhbərliyinin fikri olsaydı, Şəmkirdə və ya Tovuzda şərait yaradardı. Niyyətləri o idi ki, komandanı aparsınlar Bakıya. Kino çəkməyə ehtiyac yoxdur, biz uşaq deyilik. Bilirik, yuxarı tribunalar qəzalı vəziyyətdədir. Amma aşağı cərgədə 5-10 min azarkeş yerləşə bilərdi. Mənə çatan məlumata görə, klub rəhbərliyi, icraçı direktor İlqar Nadiri, baş məşqçi Yaşar Vahabzadə Fövqaladə Hallar Nazirliyinin (FHN) nümayəndələrini özləri dəvət ediblər. Adını da qoydular ki, guya FHN icazə vermir. Yəni, nazirliyin adından istifadə etdilər. Çünki stadionun təmirini nə AFFA-nın üstünə yıxa, nə də özləri həyata keçirə bilirlər. Qərardan yarım saat sonra Yaşar müsahibə verib dedi: "Biz oyunlarımızı Gəncədə keçirmək istəyirik”. Başa düşmürəm, vəziyyətin belə olduğunu bir-iki ay əvvəl bilmirdilər? İlqar Nadiri Gəncə Şəhər İcra Başçısı ilə görüşdü. Həmin vaxt deyə bilmirdilər ki, cənab başçı, bu stadiona bir əl gəzdirin. Bu gün "Kəpəz” rəhbərliyində Gəncə futbolunu istəməyən insanlar var. Biz veteranlar bir müddət öncə Gəncədə keçirilən futbol festivalında rəhbərliyə narazılığımızı çatdırıb, dəyişiklik edilməsinin vacibliyini bildirdik. İsgəndər Cavadovdan xahiş etdik ki, baş məşqçini dəyişdirsinlər, yenilik olsun. "Turan Tovuzu” gördünüz, adamın paxıllığı tutur lap, ictimaiyyət yığışdı, şəhər rəhbərliyi üç gündən bir iclas keçirdi, komandaya dəstək verdilər. Amma Gəncədə iki nəfərə görə futbol ictimaiyyəti kluba yaxın gəlmir. İndi sizə bir söz deyim, "Kəpəz”in əvəzediciləri harada oynayacaq? Akademiyanın meydançalarında tribuna yoxdur. Əsasnaməyə görə, Birinci Divizion təmsilçiləri tribunası olan stadionda oynamalıdır. Əvəzedicilər 99 faiz əsas stadionda oynayacaq. Əslində, bunu da işıqlandırmaq istəmirik, çünki oxuyub əvəzediciləri də başqa bölgəyə aparacaqlar. Belə futbol olmaz. "Kəpəz”i bilərəkdən Mərdəkana apardılar ki, ora gələn azarkeş, ikinci dəfə gəlməsin. Bu faktdır. Klub rəhbərliyi komandanı fikirləşirsə, 3-4 avtobus sifariş edərdi, azarkeşləri Gəncədən Bakıya aparardılar. Yaşardır, İlqardır, bunlar futbolu fikirləşmirlər. Sanki "Kəpəz” kommunal xidmətdir. Gəncədə 500-1000 uşaq futbolla məşğul olur. Onlar "Qarabağ”ın "Neftçi”nin, "Qəbələ”nin oyununa baxmalıdırlar ki, futbola həvəs yaransın.

- Veteranlar olaraq yığışıb rəhbərliyə hər hansı şəkildə etirazınızı bildirdiniz?

- 3-4 ay əvvəl AFFA-ya, daha doğrusu, baş katib Sərxan Hacıyevə məktub göndərmişdik. Xahiş etmişdik ki, "Kəpəz” rəhbərliyini, İlqar Nadirini, baş məşqçi Yaşar Vahabzadəni dəyişsinlər. AFFA-dan bizə nə cavab yazsalar yaxşıdır? Yazıblar ki, "sizin məktubu araşdırıb, yolladıq "Kəpəz” rəhbərliyinə”. Həmin cavab məktubu hazırda məndədir. Hətta ATV-də də bu haqda danışmışdılar. Savadlı məşqçi gətirsinlər. Məsələn, Bakıda Asif Əliyev, Gəncədə Tofiq Məmmədov, Əli Rəhimov kimi futbolun içində olmuş, SSRİ məktəbi keçmiş insanlar var. Akademiya tikiblər. İlqar Nadiri Bakıda qalır, on gündən bir Gəncəyə gəlib-gedir. O, akademiya ilə maraqlanandır? Gəncdir, onunla düşmənçiliyim yoxdur. Amma üzünə də demişəm ki, sən futbol adamı deyilsən. "Kəpəz”in tarixi var. O, heç bu tarixi bilmir. Keçən il "Kəpəz”in 15-17 yaşlı futbolçulardan ibarət komandasının həkimi yox idi. Onlar oyuna gedəndə rəqib komandanın həkimindən xahiş edirdik ki, bizim uşaqlara nəsə olsa, yardım göstəsinlər. Bu, Gəncə futbolu adına ayıbdır. Təsəvvür edin, bir il həmin komandalara həkim götürmədilər. Uşaq məşqdə qıcolma keçirəndə valideynlər sağaldırdı. Belə idarəçilik olmaz e!..

- Bir müddət öncə "Kəpəz”in əfsanəsi sayılan Mehman Allahverdiyevi klubda vəzifəyə gətirdilər. Bu, nəyə hesablanmışdı?

- Mehman Allahverdiyevi yolladılar ki, Yaşara dəstək olsun, azarkeşləri və veteranları sakitləşdirsin. O da işə girməmişdən bir neçə gün əvvəl bizimlə görüşdü. Veteranlara klub rəhbərliyində təmsil olunacağını dedi və fasilə verməyimizi, yəni sakit durmağımızı istədi. Mən də sakitləşməyəcəyimizi bildirdim. Gəncə futbolununun düzəlməyini istəyirik və kim gəlir-gəlsin, sakit dayanmayacağıq. Mehmana dedim ki, Yaşar Vahabzadə ilə işləməyi düzgün deyil. Onu təkcə biz deyil, ümumiyyətlə, bütün Gəncə azarkeşləri istəmir. Çünki Yaşar 14 gəlmə futbolçu ilə 7-ci yeri tutub. 3 il ardıcıl baş məşqçi olub, amma 7-ci yerdən yuxarı qalxa bilməyib. Biz də uşaq deyilik, onun savadını görürük. Sən Premyer Liqada nə edəcəksən? Bunu İlqara da demişəm. Yerlipərəstlik etmirəm. Bakıdan gətirdikləri uşaqlara 1000-1200, yerlilərə isə 50-100 manat pul verirlər. Necə inkişaf ola bilər? Məhz onların dönəmində 50-100 manata görə bir çox futbolçular Gəncədən gedib, "Turan Tovuz”da, "Zirə”də, "Neftçi”də, başqa klublarda oynayırlar. Gəncəli veteranların adına söz çıxarırlar ki, guya iş istəyirik. Əvvəla, İlqar Nadiri və Yaşar Vahabzadə ilə işləyəsi deyiləm. İkincisi, komandanın başına savadlı məşqçi gəlməlidir. Gəncə futbolunu dirçəltmək tək adamın işi deyil. Qısası, 2-3 saat söhbətləşdik, bir neçə gündən sonra Mehman müəllim "Kəpəz”də vəzifəyə getdi. Ay yarımdır işləyir, amma heç bir irəliləyiş yoxdur.  İndi ondan soruşmaq lazımdır ki, niyə "Kəpəz”in Bakıda oynamasına etiraz etmir? Üstəlik, Allahveriyev saytların birinə müsahibə verəndə "Kim deyir, Gəncədə təkcə gəncəlilər işləməlidir?” - demişdi. Necə yəni? Mən deyirəm, işləməlidir. Sergey Kramarenko gəncəli deyildi? 1986-cı ildə komandanı ikinci divizionda çempionluğa daşımışdı. Müzəffər Qasımov, Zahid müəllim, rəhmətlik Yusif müəllim, elə Mehmanın özü "Kəpəz”də işləməyib? O müsahibənin məqsədi Yaşarın tərfini saxlamaq, AFFA-ya da özünü göstərmək idi. Sən Yaşara görə Gəncə futbolunu niyə ayaq altına atırsan?

- Hazırda "Kəpəz”in büdcəsi təsdiqlənməyib, problemləri çoxdur. Çempionat da başlayıb. Klubun gələcəyi ilə bağlı nəyə ümid etmək olar?

- "Kəpəz” 2-3 tur qələbə qazansın, fərqi yoxdur. Biz komandaya azarkeşlik edəcəyik. Amma belə idarəçiliklə uzağa getməyəcəklər. Gəncədə Ruslan Abdullayev, Əhməd Ələsgərov işləyib. Azarkeşlər çılğındır. Yaşar isə azarkeşə cavab qaytarır. Sən adını çəkdiyim məşqçilərin yanında heçnəsən. Bu adam, azarkeşləri də ələ ala bilmir. Gəncə azarkeşi 7-ci pilləni tutmaq istəmir. Onlar məşqçidən çox bilirlər. İndi kim istəyirsə, gəlsin "Kəpəz”in veteranları ilə görüşsün, ona başa salaq ki, iş istəmirik. Təməl qurmaq lazımdır. Baxın, 4 gəncəli futbolçunu əvəzedicilərə göndərdilər. Məşqçi olsan, o uşaqların hərəsini 10-15 dəqiqə meydana buraxarsan. Onlar Premyer Liqada oynamalıdırlar ki, inkişaf etsinlər.

- Bu vəziyyətdə komandanı Premyer Liqaya çıxarmaq nə dərəcədə önəmli idi? Sabah "Qarabağ”a, "Neftçi”yə böyük hesabla uduzsalar, heç də yaxşı mənzərə alınmayacaq.

- Baxın, klubun prezidenti, idarə heyəti yoxdur. Bu nə deməkdir? Gəncə Şəhər İdman Komitəsinin rəhbəri Həmid Nəsirov Müşahidə Şurasının üzvüdür. Sənin heç topun çəkisindən xəbərin yoxdur, necə şura üzvü ola bilərsən? Sən "dyadya” Kostyanın meydançasından qatar relslərini polislə gəlib söküb aparan adamsan. Feysbukda bununla bağlı paylaşım da etmişəm. "Kəpəz”in icraçı direktoru İlqar Nadiri Həmid Nəsirovun tələbə yoldaşıdır. Birləşdilər, relsləri aparıb satdılar. 10 tona yaxın relsi yox etdilər. Biz istəyirdik ki, həmin relsləri satıb "dyadya” Kostyanın məzarının üstünü dəyişək. Çünki həmin meydançanı dəmir yolunun hesabına məhz Kostya tikdirmişdi. Relsləri apardılar stadiona, bir aydan sonra yoxa çıxardılar. Məndə video da var. 16 ildir məzarın üstü pis vəziyyətdədir. Rəhmətliyin relslərini oğurlayıb satan adamlar "Kəpəz”i idarə edəcək? Yalandan İcra Hakimiyyətinin üstünə atdılar ki, guya onlar aparıb. Çıxsınlar, cavab versinlər, o relsləri neyləyiblər? Belə rəhbərliyi traktorun qarşısına yığıb, aparıb Kürə tökmək lazımdır. Onlar rels oğrularıdır. 

Səbuhi Həsənov