Dünya 16:20 23.06.2022

Gürcüstan prezidenti: Biz Avropalıyıq!

Gürcüstanın hakimiyyət dəhlizlərində fikir ayrılığı özünü daha qabarıq göstərir.  prezidenti Salome Zurabişvili ilə baş nazir İrakli Qaribaşvilinin ölkənin gələcək inkişafı ilə bağlı fərqli yanaşmaları dərinləşir.
 
Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd olmasına qurumun razılıq verməməsi Salome-Qaribaşvili qarşıdurmasını daha da gücləndirib. Belə ki, S.Zurabişvili baş nazirin parlamentdəki çıxışını şərh edərkən deyib ki, belə davranışlar demokratik ictimaiyyət tərəfindən neqativ qarşılanır. Onun sözlərinə görə, cəmiyyətin böyük bir qismi küçələrə çıxaraq yaşından və siyasi baxışından asılı olmayaraq avropalı olduğunu nümayiş etdirdi:"Avropada bizim məsələmizi önə çəkmək və müsbət nəticə əldə etmək üçün hazırda hansı addımlar atacağımız çox önəmlidir. İnsanımız öz sözünü demək üçün meydanlara çıxıb. Cəmiyyətimizin böyük bir qismi Rusiyaya öz mesajını verdi – "yaşından və siyasi baxışından asılı olmayaraq biz hamımız avropalıyıq”.

Prezidentin sözlərinə görə, parlamentdə aparılan müzakirələrdən hər kəs narahat olub:”Parlamentdə gördüyüm cəmiyyətimizin bizə göstərdiyinin əksidir. Bu gün parlamentdə qarşıdurma, təhqir, dözümsüzlük gördük. Bizim özümüzə aid mənfi nəyi göstərə bilərdiksə, bu gün göstərdik. Buna baş nazirin çıxışı da əlavə edildi. Onun çıxışı Brüsseldə neqativ qarşılanacaq ”. 

Məsələ barədə Qaynarinfoya açıqlama verən Gürcüstanlı politoloq Giya Xuxaşvilinin fikrincə, baş nazirlə prezident arasında yaşanan fikir ayrılığı hər ikisinin öz mövqeyini gücləndirməyə hesablanmış addımdır: "Məsələ ondadır ki, Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsində namizəd ölkə statusu alması məsələsi uğursuzluğa düçar olub. Ona görə də indi hökumət və prezident həmin uğursuzluğa görə məsuliyyəti bir-birinin üzərinə atmaqla məşğuldurlar. Hökumət baş nazir İrakli Qaribaşvilinin timsalında baş verənlərdə prezidenti günahkar hesab edir, qarşı tərəf də məsuliyyəti öz üzərindən atır. Onlar bir-birini günahkar saymaqla növbəti seçkilərdə xal qazanmağa çalışırlar”. 

Rüfət Sultan