Dünya 15:16 29.07.2022

Gürcüstanda Ukraynadan olan qaçqına təcavüz edildi

Gürcü mediasının məlumatına görə, Gürcüstanda Ukraynadan olan qaçqın zorlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "newsgeorgia” məlumat yayıb.

"Newsgeorgia” "Rustavi 2” teleşirkətinin məlumatına istinadən xəbər verir ki, huşunu itirmiş qadın əvvəlcə Gürcüstanın qərbindəki kiçik Lançxuti şəhərindəki klinikaya aparılsa da, vəziyyəti ağır olduğundan o, Batumidəki klinikaya köçürülüb.

"Pirveli” teleşirkətinin məlumatına görə, bir gün əvvəl Lançxuti klinikasına 44 yaşlı qadın gətirilib. Qadın Xerson şəhərində yaşayıb, Gürcüstana 5 gün əvvəl gəlib.

"Pirveli” müxbirinə müsahibə verən Lançxuti sakinləri zorlama qurbanının qarnında siqaret yanığı izlərinin olduğunu deyirlər.

Bu arada, Ukrayna vətəndaşının zorlanması ilə bağlı hələ də rəsmi məlumat yoxdur - Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı açıqlama verməyib.

Vəziyyəti yalnız Lançxuti Tibb Mərkəzinin meneceri Revaz Çxikvadze şərh edib. Pirvəli teleşirkətinə telefonla verdiyi müsahibədə müstəntiqlərin qadınla danışdığını, lakin "xəstənin qeyri-adekvat olduğunu” deyib.

Bundan əlavə, onun sözlərinə görə, qadının aldığı xəsarətlərin xarakterini müəyyən etmək üçün ekspertiza aparılmalıdır.

"Xəstə huşsuz şəkildə çatdırılıb. O, reanimasiyada olub, sonra böyrək çatışmazlığı, kəskin ikitərəfli pnevmoniya təsdiqlənib və hemodializ üçün başqa klinikaya köçürülüb. Bədəndə xəsarətlər, cızıqlar və qançırlar var”, - deyə Lançxut klinikasının meneceri bildirib.

Nizami Bağırov