Siyasət 21:32 01.08.2022

Gürcüstanın hakim partiyası Saakaşvilinin siyasətdən getməsi ilə bağlı bəyanatlarını “taktiki manevr” adlandırdı

Gürcüstanın hakim "Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze eks-prezident Mixail Saakaşvilinin siyasətdən getdiyini elan etməsini "taktiki manevr” adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "newsgeorgia” məlumat paylaşıb https://www.newsgeorgia.ge/v-pravjashhej-partii-nazvali-takticheskim-manevrom-zajavlenija-ob-uhode-saakashvili-iz-politiki/ 

Son bir həftə ərzində Saakaşvilinin vəkilləri və onun böyük oğlu Eduard Saakaşvilinin Gürcüstan siyasətindən getməsi barədə danışıblar.

Bəzi siyasətçilər bunu eks-prezidentin Avropa İttifaqı və ABŞ-da müzakirə olunan depolarizasiyaya doğru atdığı addım kimi qiymətləndirirlər. Eyni zamanda Saakaşvilinin yaratdığı "Vahid milli hərəkat” partiyasının sədri Nika Melia müsahibəsində bildirib ki, vəkillərin açıqlamaları "müdafiə strategiyası”ndan başqa bir şey deyil.

"Onlar deyirlər ki, Saakaşvili artıq Gürcüstan siyasətini istəmir, bu haqda danışmır. Bütün bunlar vəkillərin sadə taktiki manevrləridir. Maraqlıdır ki, bu sirri niyə rəsmi sədr Nikanor Melia verib. Bu onu deməyə əsas verir ki, partiya daxilində ciddi parçalanma və Milli Hərəkat daxilində real qütbləşmə var”, - Kobaxidze bildirib.

Saakaşvilinin xaricə müalicə olunmaq üçün mümkün köçürülməsi ilə bağlı sualı cavablandıran hakim partiyanın lideri bildirib ki, "cəmiyyət artıq bütün bunları danışmaqdan yorulub”.

"Gürcüstanda cəza çəkən 9500 məhbus var və buna bənzər yanaşma hər bir məhbus üçün tətbiq edilməlidir. Bu mənasız söhbətlər artıq cəmiyyəti bezdirib”, - Kobaxidze bildirib.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb, bundan sonra saxlanılıb və həbs edilib. Eks-prezidentin səhhəti iki aclıq aksiyasından sonra xeyli pisləşib.

İki aydan artıqdır ki, Saakaşvili Tbilisidəki "Vivamed” klinikasında mühafizə altındadır. Hüquqşünasların sözlərinə görə, siyasətçinin vəziyyəti son vaxtlar xeyli pisləşib və müalicəsinin xaricdə davam etdirilməsi onun üçün həyati məsələsidir.

Eks-prezident Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı səs-küylü işdə və keçmiş deputat Valeri Gelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.

Əlavə olaraq büdcə vəsaitlərinin mənimsənilməsi, etiraz aksiyasının dağıdılması və 2007-ci ilin noyabrında "İmedi” telekanalına müdaxilə ilə bağlı işlərə də baxılır. Saakaşvili ötən ilin payızında Gürcüstana qayıdarkən sərhədi qanunsuz keçməkdə də ittiham olunur.

Nizami Bağırov