Dünya 11:52 20.05.2022

Hamımız öləcəyik - Şri-lankadan ərzaq qıtlığı həyəcanı

Dağıdıcı iqtisadi böhranla üzləşən Şri-lankada ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edilib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Şri-lanka baş naziri bildirib.

Keçən ilin aprel ayında prezident Qotabaya Rajapaksa tərəfindən bütün kimyəvi gübrələrə qadağa qoyulması qərarı məhsuldarlığı kəskin şəkildə azaldıb. Sonradan hökumət qadağanı ləğv etsə də, hələ də əhəmiyyətli idxal həyata keçirilməyib.

"May-avqust mövsümü üçün gübrə əldə etməyə vaxt çatmasa da, sentyabr-mart mövsümü üçün adekvat ehtiyatların təmin edilməsi yönündə addımlar atılır. "Mən səmimi olaraq, hamını vəziyyətin ağırlığını qəbul etməyə çağırıram", - Baş nazir Ranil Vikremesinge Twitter-də yazıb.

Şri-Lankada iqtisadi fəaliyyət durğun vəziyyətdədir və ölkə ciddi valyuta, yanacaq və dərman çatışmazlığı ilə üz-üzədir.

Təzəlikcə qiymətləri bahalaşan qaz balonları satılan mağazanın qarşısında uzun növbələr yaranıb.

Beş nəfərlik ailəyə qaz balonu almaq üçün üçüncü gündür növbədə gözləyən sürücü Məhəmməd Şazlı deyir: "Təxminən 500 nəfər olmasına baxmayaraq, cəmi 200 balon gətirilib. "Qaz olmasa, kerosin yağı olmasa, biz heç nə edə bilmərik. Son variant nədir? Yeməksiz öləcəyik. Bu, yüz faiz baş verəcək”.

Mərkəzi Bankın rəhbəri Dünya Bankının kreditindən və pul köçürmələrindən yanacaq və yemək qazı alışını ödəmək üçün xarici valyutanın təmin edildiyini, lakin tədarüklərin hələ də gəlib çıxmadığını bildirib.

Apreldə inflyasiya 29,8%-ə çatıb, ərzaq qiymətləri isə illik 46,6% artıb. Gələn aylarda inflyasiyanın 40%-ə çatacağı gözlənilir. 

Hazırda ölkədə prezidentin istefasını tələb edən aksiyalar keçirilir. 

Nurlan Hüseynov