Siyasət 13:11 05.10.2022

Hulusi Akarın Bakıdan verdiyi mesajlar (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanda səfərdədir. Hulusi Akarı səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı Atilla Gülanla və başqa yüksək rütbəli zabitlər müşaiyət edir. 

Hulusi Akarla Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında görüşdə iki ölkə arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Azərbaycan və Türkiye müdafiə nazirliklərinin digər rəhbər heyətlərinin də iştirak etdikləri görüşdə hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Akar həmçinin, Azərbaycan müdafiə  sənayesi naziri Mədət Quliyevlə də görüşüb. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Türkiyə ilə paralel İsrail və Səudiyyə Ərəbistanından olan hərbi heyətin də Azərbaycanda olması 4 ölkə arasında yaxın əməkdaşlığın qurulmasına xidmət edəcək:



"Əslində, qardaş ölkənin yüksək rütbəli hərbçiləri öz evlərinə gəlib. İki ölkənin hərbçiləri arasında belə məsləhətləşmələr əvvəllər də keçirilib, indi də keririlir. Bu proses gələcəkdə də davam edəcək. 

Türkiyə ilə paralel olaraq İsrail və Səudiyyə Ərəbistandan olan hərbi heyətlərin də Azərbaycanda olması fonunda mümkündür ki, bu görüşlər 4 ölkə arasında əməkdaşlığın yaxınlaşdırılmasına xidmət edəcək addımların atılmasını nəzərdə tutur. Hər bir halda alqışlanası addımdır. Hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək addımlara imza atılır. Bəlkə də bu səfərlər Türkiyə ilə İsrail və Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında olan müəyyən soyuq münasibətlərin də istiləşməsinə, daha intensiv əlaqələrin qurulmasına xidmət edəcək”. 

Rüfət Sultan