İdman 16:15 17.08.2022

İlqar Qurbanov: “Çoxdandır “Qarabağ”da belə futbolçu görmürdüm...”

Azərbaycanın tanınmış veteran futbolçularından olan İlqar Qurbanov "Qarabağ”ın bu gün ÇL-də keçirəcəyi "Viktoriya” ilə matçdan danışıb.

O, Qaynarinfo-ya açıqlamasında vaxtilə formasını geyindyi Ağdam klubunun şanslarını dəyərləndirməklə yanaşı, heyəti və sistemi haqda da düşüncələrini bölüşüb.

"Çexiyada həmişə güc futboluna üstünlük verilir. Ancaq müdafiədə intizamldırlar. "Qarabağ” hazırda optimal formadadır. Həm də əhval-ruhiyyə yüksək səviyyədədir. Sevindirici hal odur ki, hücumdakı oyunçular formadadır. Plzen klubunun müdafiəçilərinə çətin anlar yaşada bilərlər. İnanıram ki, "Qarabağ” növbəti mərhələyə keçəcək. Amma yaxşı olardı ki, bunu ilk oyunda etsinlər. Əvvəlki rəqiblərə baxanda "Viktoriya” nəticəyə daha çox oynayır. Lazım olsa 10 nəfərlə müdafiə olunar, yaxud da vaxt apararlar. Belə bir komandadır. "Qarabağ” bu cəhətdən çətinlik çəkə bilər. "Viktoriya”nın "Şerif”lə oyununa baxmışam. Rəqibin təhlükəli vəziyyətləri olurdu, amma qolu bunlar vururdu və müdafiəyə çəkilirdilər. Ona görə də təhlükəli, narahat rəqibdir”. 

Hazırda skaut kimi fəaliyyət göstərən Qurbanov "Qarabağ”ın "Viktoriya”dan daha təcrübəli olduğunu bildirib: 

"Vikoriya” özünü "Qarabağ”dan güclü hesab etmir. Əslində, güclü saya bilməzlər də. Futbolu normal dərk edən insan başa düşər ki, "Qarabağ” hər komponentdə çox üstündür. 8 il ard-arda Avroliqanın, Konfrans Liqasının, Çempionlar Liqasının qruplarında oynamaları, çox şeydən xəbər verir. Sadəcə, biz bunu tam dərk etmirik. Türkiyə klublarını görürsünüz. "Konyaspor” o qədər büdcə ilə "Vaduts”a uduzdu. Hansı ki, "Qarabağ” heç vaxt bu şəkildə uduzmaz. Demək istədiyim odur ki, komandamız Avropada çox təcrübəlidir. Rahat hazırlaşırlar. Bu amillər çox vacibdir. Avropa komandaları tez-tez heyət dəyişirlər, çünki futbolçularını satırlar. Məsələn, o vaxt "Qarabağ”la oynayan "Viktoriya”dan, demək olar, heç kim qalmayıb. Amma "Qarabağ”da Bədavi, Maksim və sair oyunçular qalıb. Yəni, onlar daha çox gənc futbolçu oynadıb Avropaya satmaqla məşğuldurlar. "Sürix” çempion olduqdan sonra 6-7 futbolçusunu satdı. Sistemləri belədir. "Qarabağ”ın o qədər büdcə və ya reklamı yoxdur ki, futbolçu satsın. Bu, "Qarabağ” üçün bu bir üstünlükdür”.

Veteran müdafiəçi Qurban Qurbanovun fərqli sistem tətbiq etdiyini bildirib: 

"Bizdə futbola azarkeş kimi baxırlar. Hücumçu qol vurmursa, başqa futbolçu almaq lazım olduğunu tələb edirlər. Amma baxın, "Lex”ə 5, "Sürix”ə 6, "Ferentsvaroş”a 4 qol vurdular. Hücumçu yoxdursa, necə olur bu qədər qol vururlar? Mən "Qarabağ”da müdafiəçi idim, amma hücumçulardan çox qol vəziyyətləri yaradırdım. Orada sistem tam başqadır. Hücumçunun funksiyası təkcə qol vurmaq deyil. Onlar həm də müdafiəçilərin başını qatmalıdır ki, məsələn, Zubir, Kadi cərimə meydançasına girə bilsin. Bu sistemdə hücumçu böyük rol oynayır. Vadji çox iş görür. Məsələn, müdafiəçiləri özü ilə aparır və digər zonaları boşaldır. Bu, sistemlə əlaqəlidir. İndi dünyada çox az klublarda sırf hücumçu var. Məsələn, heç kim Ramil Şeydayevdən danışmır. O, bilirsinizmi son iki oyunda nə qədər çox işlər gördü? "Sürix”lə cavab matçında Ramil 60-70 faiz komandanın işini gördü. Mən mütəxəssis kimi bunu görürəm. Sırf hücumçu lazım olsa, Qurban Qurbanov çoxdan alardı. Bizimkilər elə danışırlar, sanki Qurbanovdan çox bilirlər. Guya özü bilmir? Adamın qazandığı titul qalımayıb, ona deyirlər ki, hücumçu lazımdır (gülür). Mən uzun illər "Qarabağ”ın heyətində bu sistemdə oynamışam deyə bilirəm. O vaxt bizdə Reynaldo ilə Nikolas Gelaşvili vardı. Onlar müdafiəni boşaltmalı idi ki, mən cərimə meydançasına girə bilim. Rəqibin müdafiə xəttinin mərkəzində olan iki müdafiçəini yerindən tərpətmək lazımdır. Yəni sistem budur. Bir növ basketboldakı kimidir”.

Sabiq müdafiəçi "Qarabağ”ın yeni transferlərinin durumuna da toxunub: 

"Romaodan fərqli olaraq Jankoviç, demək olar, uyğunlaşıb. Əlbəttə ki, onlar bu sistemə uyğunlaşa biləcək potensialdadırlar. İlk oyundan görünür. Romao bir qədər fərqli tipdir. Daha çox öz mövqeyində qalan oyunçudur. "Qarabağ”da heç vaxt belə futbolçu olmurdu. Belə tərzdə oynayan futbolçu almaqda nə fikirləşirlər? Açığı mənə də maraqlıdır. Yəqin ki, onun üçün Qurbanovun nəsə planı var. Ola bilər, daha çox hücumameyilli oyun göstərsinlər. Çoxdandır "Qarabağ”da bu tərzdə oynayan futbolçu görmürdüm”.

Səbuhi Həsənov