Dünya 11:54 20.11.2022

İranın dronları Rusiyada istehsal olunacaq - ABŞ kəşfiyyatı

Moskva İranın dronlarının Rusiyada istehsalına başlamaq üçün Tehranla razılığa gəlib.

Qaynarinfo xəbər verir ki, b barədə "The Washington Post” ABŞ kəşfiyyatına və məsələ ilə tanış olan üç rəsmiyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində İranda keçirilən görüşdə razılaşmanı yekunlaşdırıblar. Mənbələr deyir ki, istehsal yaxın bir neçə ay ərzində başlaya bilər.

Rusiya özünün konveyer xəttini əldə etməklə, son həftələrdə müharibənin xarakterini dəyişdirən nisbətən ucuz, lakin çox dağıdıcı silah sistemlərinin ehtiyatlarını kəskin şəkildə artıracaq.

ABŞ kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, avqust ayından bəri Rusiya Ukraynaya qarşı İran istehsalı olan 400-dən çox döyüş pilotsuz uçuş aparatı yerləşdirib ki, onların bir çoxu elektrik stansiyaları kimi mülki infrastruktura zərbələr endirmək üçün istifadə edilib.

Qəzetin mənbələri bildirirlər ki, bu razılaşma Moskvanın 9 aylıq döyüşlərdən sonra çatışmayan dəqiq idarə olunan hərbi sursatlara olan təcili ehtiyacını ödəyə bilər. Səlahiyyətlilər bildiriblər ki, saziş həm də İran üçün əhəmiyyətli iqtisadi və siyasi faydalar təklif edir. Mənbələrin sözlərinə görə, İran liderləri dronların Rusiyada yığılacağı təqdirdə yeni sanksiyalardan qaçmağa ümid edə bilərlər.

Nizami Bağırov