Siyasət 11:57 17.07.2022

İrəvan və Bakı konkret nəticə əldə etmədi - Gürcüstan XİN Tiflis görüşü haqda

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında aparılan danışıqlar konkret nəticə verməsə də, iki ölkənin nazirləri arasında birbaşa dialoq üçün presedent yaradılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili "Pirveli Arxi” telekanalına (Birinci Kanal) müsahibəsində bildirib.

İyulun 16-da Gürcüstanın paytaxtında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar olub.
"Danışıqların bir raundu nəticəsində heç vaxt konkret nəticələr əldə olunmur. Bu hal istisna deyil", - Darçiaşvili bildirib.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri gündəliyi və onları maraqlandıran məsələləri müzakirə ediblər. Darçiaşivli qeyd edib ki, bu formatda danışıqların davam etdirilməsi üçün möhkəm zəmin yaradılıb.

O, ümid etdiyini bildirib ki, tərəflər problemləri həll edə və razılığa gələ biləcəklər.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Tbilisi gələcəkdə öz ərazisində belə dialoqu təşviq etməyə hazırdır.

"Biz gələcək görüşlərin vaxtı barədə danışmamışıq. Hər hansı formatda danışıqlar üçün ölkəmizə gəlmək zərurəti yaranarsa, hökumətimiz onları qəbul etməyə və dəstəkləməyə hazırdır", - Darçiaşvili əmin edib.

Nazir Tbilisidə keçirilən görüşü Gürcüstan üçün tarixi gün adlandırıb. Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycanın Gürcüstana olan inam səviyyəsinin göstəricisidir.

O qeyd edib ki, Gürcüstan hakimiyyəti vasitəçilik funksiyasını yerinə yetirə bildiyinə görə şadıq.

"Danışıqların məqsədi qonşu dövlətlərimizin bu danışıqlarda konkret nəticələr əldə etməsidir. Beləliklə, biz birgə koordinasiya və çox sıx ünsiyyət vasitəsilə regionda sülh və təhlükəsizliyi gücləndirə bilərik", - Gürcüstan diplomatiyasının rəhbəri bildirib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinə gəlincə, Darçiaşivilinin sözlərinə görə, tərəflər ölkələr arasında mövcud dinamik əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, danışıqlardan sonra Ermənistan tərəfi Tbilisidə keçirilən görüşdə tərəflərin İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə bağlı geniş spektri müzakirə etdiyini bildirib.

Mirzoyan İrəvanın Qarabağ münaqişəsinin siyasi yolla həllinə sadiq olduğunu təsdiqləyib.

Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini vurğulayıb.
 
Alpər