Siyasət 15:48 15.08.2022

İrəvanda partlayış: Müxalifət etirazlara hazırlaşır

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Ermənistanın paytaxtı İrəvanda "Sürməli” topdan-satış ticarət mərkəzində güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfərin öldüyü, 61 nəfərin yaralandığı, 27 nəfərin isə itkin düşdüyü bildirilir.

Olayla bağlı Qaynarinfo-ya danışan politoloq Cümşüd Nuriyevin fikrincə, İrəvanda bazarda baş verən partlayış müxalifətin mitinqlərinin yenidən qızışdırılmasında stimul rolunda çıxış edəcək.



"Ermənistanda hakimkiyyət qarşıdurması üçün çoxsaylı səbəblər var. Ticarət mərkəzinin adı "Sürməli"dir. Sürməli isə Qərbi Azərbaycanda böyük bir mahalın, tayfanın adı olub. Rəsmi məlumatlar ticarət mərkəzində baş verən partlayışın səbəbini elektriklə bağlayırlar. Elektrik naqillərində baş verən yanğın belə partlayışa səbəb olub. Payızda yenidən etiraz aksiyalarına başlamağı planlaşdıran müxalifət təbii ki, bu hadisədən istifadə edəcək. Belə yerlərin təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi və ya ona uyğun dövlət qurumu cavabdehdir. Görünən odur ki, müxalifət fəaliyyətin yaratmaz olması məsələsini gündəmə gətirməklə olaydan istifadə edib, Paşinyana qarşı daha ciddi hücuma keçməyə çalışacaq. Belə vəziyyətdə, Paşinyanın yeganə çıxış yolu Azərbaycanla təcili şəkildə sülh müqaviləsi başlamaqdır. Paşinyanı yalnız bu xilas edə bilər. Hər halda, baş verən partlayış və çoxsaylı insanın xəsarət alması Ermənistanda sakit məcraya yönələn mitinqlərin bir növ yenidən qızışdırılmasında katalizator rolunda çxış edəcək. Müxalifət də bütün hallarda bundan yararlanacaq”.

Rüfət Sultan