Video 13:02 27.10.2022

İsrailin müdafiə naziri 10 sonra Türkiyədə: "Bu, İranın yuxusuna haram qatacaq"

İsrailin müdafiə naziri Beni Hans Türkiyəyə rəsmi səfərə gəlib. Nazir bu gün Atatürkün məqbərəsini ziyarət edib.

"Türkiyəyə səfərimi Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram əlaməti olaraq məqbərəyə əklil qoymaqla başladım. Bu gün mən Türkiyə prezidenti Ərdoğan və müdafiə naziri Akarla görüşəcəyəm və onlarla ölkələrimiz arasında təhlükəsizlik əlaqələrinin məhsuldar şəkildə inkişafını müzakirə edəcəyəm. Mustafa Kamal Atatürkün "Yurdd sülh, cahanda sülh” fikri dünyada tanınır. Anıtqəbir məqbərəsini ziyarət edərək mən öz ehtiramımı bildirirəm və bu nəcib məqsəd yolunda fəaliyyətimi davam etdirməyə sadiq olduğumu bəyan edirəm", deyə Beni Hans bildirib.

Qeyd edək ki, bu İsrailin müdafiə nazirinin Türkiyəyə son 10 ildə ilk səfəridir. İsraildə yeni hökumətin iqtidara gəlişilə Ankara ilə Təl-Əviv arasında olan soyuq münasibətlər artıq arxada qalıb. İki ölkə rəsmilərinin son zamanlar bir-birinə səfərləri intensivləşib.

Hərbi ekspert Qaynarinfo-ya açıqlamasında Üzeyir Cəfərov deyib ki, İsraillə Türkiyənin bir araya gəlməsi Yaxın Şərqdə sülhün bərqərar olmasına müsbət töhfə verəcək:
 
"Son aylarda İsraillə Türkiyə arasında sıx əlaqələr yaranmaqdadır. Bu yaxınlaşma hər iki ölkə üçün çox önəmlidir. Beni Hansın Ankaraya səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq. "Mavi Mərmərə” gəmisində baş verən olaydan sonra ilk dəfdir ki, tərəflər arasında belə bir yaxınlaşma baş verir. 


 
Səfər çərçivəsində iki ölkə arasındakı perspektivlər, ikitərəfli əməkdaşlıq, Yaxın Şərq və qarşılıqlı maraq doğuran məsələlər, hərbi sənayenin birgə ərsəyə gətirə biləcəyi hərbi təyinatlı məhsullar məsələsi müzakirə olunacaq. Bu isə Yaxın Şərqdə sülh və əmin-amanlığın bərqərar olması üçün olduqca vacib amildir. İki ölkənin bir araya gəlməsi Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə müsbət töhfə verəcək. Türkiyə beynəlxalq aləmdə qəbul olunan oyunçulardan biridir. Ona görə də İsrail Ankara ilə əməkdaşlığa böyük önəm verir”.

Ekspert bildirir ki, İsrail müdafiə nazirinin Türkiyəyə səfəri İran başda olmaqla bir çoxlarının yuxusuna haram qatacaq:

"Tehran bu səfərdən çox narahatdır. Beni Hansın Azərbaycana olan səfərini də cənub qonşumuz qısqanclıqla qarşıladı. Amma Tehran anlamalıdır ki, onun bu canfəşanlığı Türkiyə ilə Azərbaycanın müstəqil siyasət yürütmələrinə zərrə qədər də olsa təsir etməyəcək”. 

Rüfət Sultan