İdman 13:13 16.07.2022

"Mançester Yunayted" Eriksenlə müqavilə bağladı

Premyer Liqada yeni mövsüm öncəsi hazırlıqlarını Avstraliyada davam etdirən "Mançester Yunayted" Tirell Malasiyadan sonra daha bir transferini açıqlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" Kristian Eriksenlə 3 illik müqavilə imzalandığını bildirib. Ötən mövsüm "Brentford"da çıxış edən danimarkalı futbolçu müqaviləsi başa çatdıqdan sonra sabiq komandasından ayrılıb.

Klubun saytında ilk açıqlamasını verən Eriksen, "Mançester Yunayted" xüsusi bir klubdur və komandaya qoşulmaq üçün səbirsizlənirəm. "Old Trafford"da fərqli formalarda oynamaq şansı qazandım, amma orada qırmızı formada oynamaq əla hiss olacaq" - sözlərini söyləyib.

İtaliya Futbol Federasiyası 2020-ci ildə keçirilən Avropa Çempionatında infarkt keçirərək əməliyyat edilən Eriksenin bu ölkədə futbol oynaya bilməyəcəyini açıqlayandan sonra hücumçu karyerasını başqa klubda davam etdirmək məcburiyyətində qalmışdı. Bu qərardan sonra həmin vaxt formasını geyindiyi "İnter"lə müqaviləsinə xitam verən Eriksen ötən mövsüm "Brentford"la 6 aylıq müqavilə imzalayıb.

2021/22 mövsümündə 11 oyuna çıxan futbolçu 1 qola, 4 məhsuldar ötürmə ilə yadda qalıb. 30 yaşlı futbolçu daha əvvəl Premyer Liqada "Tottenhem"də çıxış edib. 
 
Yarımmüdafiəçi Danimarka millisinin heyətində 115 dəfə meydana çıxıb və 38 qol vurub.
 
Səbuhi Həsənov